Bu gün:

"Rəssamlıq çox prestijli bir sənətdir"


24Media.az-ın növbəti qonağı gənc rəssam Vasif Səfərovdur. Onunla bu sahədə olan bəzi məsələləri müzakirə etdik.


Azərbaycanda rəssamlıq sahəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

Ölkəmizdə yüksək səviyyəli rəssamlarımız var. Sadəcə məni bir şey qane etmir ki, bu da bəzilərinin rəssamlıqdan qazanc əldə edə bilməmələridir. Hər kəs çörəkpulu üçün fərqli işlərlə məşğul olur, bəzi rəssamların özləri də yaradıcılığa  hobbi kimi baxırlar. Ümumiyyətlə, rəssamlığın bir çox forma və janrları, üslubları var. Onların hər biri öz-özlüyündə bazardır. Özümüz də yaxşı bilirik ki, rəssamlıq çox prestijli bir sənətdir. Sadəcə, bəzən cəmiyyətimizdə sənətə qarşı laqeydliyin olması da danılmazdır.

Çox təəssüf hissi ilə deyə bilərəm ki, hal-hazırda bizdə artjurnalistika, yəni karikaturalı mətbuat yox səviyyəsindədir. Halbuki dünyanın ən populyar mətbuat orqanları istər Avropa, istər Asiya və bir çox dövlətlərin karikaturasız mətbuatı mümkün deyil. 

Yadınızdadırsa, bizdə "Molla Nəsrəddin" jurnalından sonra "Kirpi" jurnalı dərc olundu. Və dövrünün, hətta bu günümüzün də bütün problemlerini qabarıq şəkildə cəmiyyətə çatdırırdı. Hal-hazırda mənim "Kirpi" jurnalı ilə əməkdaşlığım da var. Belə mətbuat, qəzet və jurnallara ehtiyacımız var. Əgər problem varsa, bir jurnalist bunun haqqında məlumat verə bilər, ancaq karikatura ilə təsir və nəticə daha güclü olur. Məhz onun üçün də "Charlie Hebdo" jurnalı kimi karikaturalı dərgilər dünyanı ağuşuna alıb. Amma dərindən öyrənsək görərik ki, bizdəki "Kirpi" jurnalının tarixçəsi və dəyəri ondan daha güclüdür. İstər Avropa, istərsə də Azərbaycan cəmiyyəti üçün karikatura daha gündəm və yeniliklərlə doludur. Həm  dövlətimiz, həm də özəl saytlarımız, qəzetlərimiz, jurnallarımız da bunlara yer ayırmalıdır. 

Qəzet və jurnalların dərcinə ehtiyac olduğunu vurğuladınız. Bəs, sizcə, texnologiyanın inkişaf etdiyi bu dövrdə, insanların buna münasibəti necə ola bilər?

Texnologiya deyirik, razıyam. Amma gəlin qəzet, jurnal dərc etməyək, nə dərslik, nə də bədii kitablar çap edək. Sizcə, bunlara ehtiyac yoxdur?! Təbii ki, var. Az tirajla da olsa, bu günümüz üçün qəzet ve jurnallara da ehtiyac var. Məhz kağız olaraq deyil, həmin qəzet və jurnalların saytları var, ən azından o formada dərc edə bilərlər. Əsas deyil ki, köşkdən alınsın. İnsanlar internet səhifələrinə daxil olub məlumat alırlar. Karikaturalar da bu formada çap formasının onlayn ilə vəhdəti kimi saytlarda yerləşdirilə bilər. "Charlie Hebdo" və dünyaca məşhur olan digər jurnallar sosial mediyaları vasitəsilə məndən karikatura belə xahiş edirlər. Ancaq müəyyən məsələlərə görə rədd etmək məcburiyyətində qalıram. Amma çox istərdim ki, bizdə belə jurnallar, dərgilər saytlar çox olsun. Söz karikaturalardan düşmüşkən, bir nüansı da qeyd edim ki, Şamil Sadiq yazıçı dostumun ssenarisi əsasında cizgi roman çəkmişdim, rəssamı mən idim. Azərbaycanda cizgi roman sahəsində bir ilk idi. Və çox da uğur qazanmışdı. Deməyim odur ki, nəyə isə əziyyət qoyanda bəhrəsiz qalmır. Hər köhnə nəsil gələcək nəsillər üçün iz qoymalıdır. Mənə görə inkişaf da məhz budur.

Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et