Bu gün:

Karni Mata məbədinin müqəddəs siçanları


Hindistandakı Karni Mata məbədi 20 min siçanı ilə dünyanın ən çox ziyarət edilən yerlərindən biri kimi diqqət çəkir. Hindistan tarixi boyu bir çox fərqli mədəniyyətləri bir arada yaşayıb və hind xalqı mənəvi quruluşu və danışmağa dəyər hekayələri ilə diqqətəlayiq xalqlardan biri kimi ortaya çıxıb. Bütün dünyada "Siçanlar məbədi" kimi məşhur olan Deşnokedəki Karni Mata məbədi bu gün ən çox ziyarət edilən yerlərdən biridir.

Rəvayətə görə, Karni Matanın ögey oğlu göldən su içmək istəyərkən boğularaq ölür. Bunun üzərinə oğlunu diriltmək üçün ölüm tanrısını çağıran Karni Matanın ilk istəyi rədd edilir. Ancaq ölüm tanrısı, ilahənin bütün kişi övladlarının siçana çevrilməsi şərti ilə müqaviləni qəbul edir. Məbədin bu günlərdə 20 min qara siçanın məskəni olmasının səbəbi budur. Bəziləri Kabbas adlı bu müqəddəs siçanların Deşnokedə müharibə zamanı qaçan əsgərlər olduğuna inanırlar. Fərariliyi ölümlə cəzalandırmaq əvəzinə, Karni Mata əsgərlərə aman verdi və məbədi onlar üçün bir evə çevirdi. Karni Matadakı siçanlarla eyni yeməyi yemək müqəddəs sayılır. Maraqlısı odur ki, hər il müxtəlif ölkələrin icmaları siçanları görmək və onlara yem vermək üçün bir-biri ilə yarışır.  Hətta qapıların arxasında siçanları hansı qida ilə qidalandırmaq barədə göstərişlər var. Rəhbərlik tərəfindən siçanlara zərər verməmək üçün məbədə addım atmazdan əvvəl ayaqqabılarınızı çıxarmağınız xahiş olunur. Çünki heyvanların bəziləri əvvəllər sıxlığa görə əzilmişdilər və yəqin ki, bunun günah sayıldığını təxmin edə bilirsiniz. Belə bir hadisə baş verdikdə, adamın pis davranışının bağışlanması üçün siçan heykəli alıb onu məbədə bağışlaması gözlənilir. Siçanlar keçidlərdə və ya divarlarda deşiklərdən istifadə edərək hərəkət edirlər. Südlərini içir və açıq yerdə qonaq gələn uşaqlarla oynayırlar.

Təbii ki, bu qara siçan sürüsündən zaman-zaman digərlərindən daha müqəddəs sayılan ağ siçanlar da çıxa bilir. Nəzərinizə çatdıraq ki, onların dişlədiyi yeməyi yemək də bir növ nemət sayılır.

Mənbə: Plaid Zebra

Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et