Bu gün:

Avropanın ən heyranedici gölləri


Bled gölü
Təkcə Avropanın deyil, dünyanın ən gözəl gölləri siyahısında vazkeçilməz olan Bled gölü Sloveniyada yerləşir. Alp dağlarının yamyaşıl örtüyü ilə əhatə olunmuş suların ortasında bir ada da var və bu adada nağıldan çıxmış kimi görünən kilsə ucalır. Adaya çatmaq üçün gölün ətrafındakı qayıqlardan istifadə edə bilərsiniz.

Komo gölü
İtaliyanın mirvarisi olan Komo gölü qədim Romadan bəri bir çox insanın yay tətili üçün üstünlük verdiyi möhtəşəm bir göldür. Komo sahilləri öz təbii gözəllikləri, kiçik tarixi şəhərləri və Corc Kluni kimi kino ulduzlarının üstünlük verdiyi lüks otelləri ilə tanınır. Bu şəhərlərin çoxunu bir gündə görmək istəyənlər üçün qayıq turları təşkil edilir.

Buttermere gölü
İngiltərənin şimal-qərbindəki Buttermere gölünün ətrafındakı bütün piyada yolunu gəzmək iki saat çəkir. Bu füsunkar göl öz ziyarətçilərinə durğun sularından əks olunan gözəl dağ mənzərələrini təqdim edir.

Jökulsárlón gölü
İslandiyanın cənub-şərqində, Vatnajökull Milli Parkında yerləşən bu buzlaq göl ölkənin təbiət möcüzələri ilə dolu ən unikal yerlərindən biridir. Çünki burada qara vulkanik qumlar və sahilə dəyən mirvari buz təbəqələri möhtəşəm kontrast yaradır. Üstəlik, ilin müəyyən vaxtlarında bu möhtəşəm təbiət gözəlliyi Şimal işıqlarının füsunkar şousu ilə birləşir.

Plitviče gölləri
Xorvatiyanın Plitviče Gölləri Milli Parkında yerləşən bu göllər şəlalələrlə bir-biri ilə əlaqə saxlayan cəmi 16 terrasdan ibarətdir.

Rakotz gölü

Berlindən avtomobillə 2 saatlıq məsafədə yerləşən Rakotz gölü sizi nağıldakı kimi hiss etdirəcək. Göldəki 19-cu əsrə aid daş körpünün suda əks olunan mənzərəsi o qədər nağılı xatırladır ki, sanki onu insanlar deyil, sehrli bir qüvvə tikib.

Mənbə: N-Life

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et