Alimlər ilk dəfə olaraq metalların heç bir insan müdaxiləsi olmadan öz-özünü düzəldə bildiyini kəşf etdilər.

Elmi fantastika həvəskarları bilir. Elmi fantastika filmlərinin, xüsusən də Terminatorun ən maraqlı səhnələrindəki sarsılmaz robotlar zədələndikdə özlərini asanlıqla təmir edə bilirlər. Kinolardakı kimi asan və tez olmasa da, alimlərin yeni kəşfləri yaxın gələcəkdə özünü təmir edən robotların istehsalının mümkün ola biləcəyini göstərir.
Metallara müntəzəm gərginlik tətbiq edildikdə mikroskopik çatlar meydana gələ bilər. Bu çatlar zamanla böyüyə və metal materialın parçalanmasına səbəb ola bilər. ABŞ-dan olan bir qrup tədqiqatçı metalların öz-özünə təmir edilməsinin mümkün olub-olmadığını araşdırıb.
Tədqiqatçılar ilkin olaraq 40 nanometr (metrin milyardda biri) qalınlığında olan platin metalında çatların necə əmələ gəldiyini öyrənmək məqsədi güdürdülər.
Təcrübə zamanı nazik metal folqanın uclarını saniyədə iki yüz dəfə çəkən texnikadan istifadə edən tədqiqatçılar əvvəlcə metalın səthində çatların əmələ gəldiyini və tədricən yayıldığını müşahidə ediblər. Lakin təcrübədən təxminən qırx dəqiqə sonra əmələ gələn bu çatların bəzilərinin heç bir müdaxilə olmadan öz-özünə düzəldiyi müşahidə edilib.
Tədqiqatçılar metalların özlərini necə düzəldə biləcəyini aydınlaşdırmaq üçün bu təmir prosesini və mexanizmini öyrənməyə davam edirlər. Bu sayədə metalların istifadə edildiyi bütün strukturlarda aşınma nəticəsində yaranan metal çatlarının asanlıqla qarşısının alınacağı düşünülür. Mühəndislik sahəsində dönüş nöqtəsi olduğu düşünülən bu kəşf həddindən artıq təzyiqə məruz qalması və ya məcburi hərəkətə keçməsi nəticəsində zədələnən metalların daha uzun ömür və etibarlılığını təmin edə bilər. Təyyarələrdən körpülərə, binalardan robotlara qədər müxtəlif sahələrdə istifadə edilən metalların öz-özünə sağalması material elmində əsaslı inkişaflara qapı aça bilər.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
