Bu gün:

"Regionlarda, əsasən də kiçik rayonlarda evlər daha ucuzdur"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı iqtisadçı-ekspert Natiq Cəfərlidir.  O, Azərbaycanda hazırda hansı ərazilərdə evlərin daha ucuz olduğu barəsində danışıb və tələbələrin Bakıda ucuz ev tapmaları üçün hansı ərazilərə uz tutmaları haqqında tövsiyələr edib. 

-Azərbaycanda hazırda hansı ərazilərdə evlər daha ucuzdur və abituriyentlər hansı ərazilərə üz tutsalar, daha ucuz, əlverişli evlər tapa bilərlər?

-Ölkə üzrə götürsək, təbii ki, regionlarda, əsasən də kiçik rayonlarda evlər, mənzillər daha ucuzdur. Bunun da obyektiv səbəbi var. Kiçik rayonlarda iş yerləri ilə bağlı, iqtisadi aktivliklə bağlı problem olduğuna görə evlər də ucuzdur. Dağ rayonları olsun və yaxud da aran rayonları olsun, fərq etməz, harada kiçik rayonlar varsa, orada evlər, torpaq sahələri daha ucuzdur. Bakıdan sonra ikinci Sumqayıtda evlər daha bahadır, ən baha Bakıdır. Sumqayıtdan sonra Gəncə gəlir. Yay aylarında istirahətlərini Şamaxı, Qəbələ, Şəki, Oğuz kimi yerlərdə evlər alaraq keçirmək istəyənlərə görə  bu kimi yerlərdə də evlər bahadır. Bakıda elə mənzillər var ki, hətta mərkəzdən uzaq olan evlər belə bəzi rayonlarda olan mənzillərdən, evlərdən 5-6 dəfə bahadır. O ki qaldı Bakının kirayə mənzil bazarına, təəssüf ki, son zamanlar burada ciddi bir gərginlik var. Çünki bizdə universitetlərin kampusları və yataqxanaları, demək olar ki, yoxdur, çox az sayılır. Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və bəzi universitetlər var ki, azsaylı yataqxana yerlərinə malikdirlər. Digər universitetlərin, demək olar ki, yataqxanaları yoxdur. Və bu yataqxanaların olmaması yeni qəbul olmuş tələbələrə əlavə problemlər yaradır. Əvvəllər Bakı şəhərində hələ Sovet dövründə ən ucuz və sərfəli tələbələr üçün kirayə mənzil bazarı Sovetski adlanan ərazidə, Yasamalda idi. Son illər isə Qış parkı ətrafında idi, bu həm universitetlərə yaxın idi, həm daha çox həyət evləri, kiçik mənzilləri var idi, həm də daha ucuz tələbələr tərəfindən kirayə götürülürdü. İndi isə Sovetski demək olar ki, tamamilə sökülüb, yenidən quruldu, orada gözəl bir park salındı. Yasamalda da ciddi şəkildə söküntülər var və hətta o söküntülər olmasaydı da belə, artıq o tələbatı tam ödəmək qabiliyyətində deyillər. Ona görə də təəssüf ki, tələbələr üçün mənzillər Bakıda bahadır. Və ona görə də daha ucuz kirayə mənzil tutmaq üçün tələbələr məcbur qalıb şəhər kənarına məsələn, Hövsan, Yeni Əhmədli, Günəşli, Xırdalan, Mehdiabad və bu tipli Bakı ətrafı ərazilərdə mənzil axtarmalı və öz ciblərinə uyğun mənzil tapmalı olurlar. Amma bu ərazilərdə də başqa problem yaranır, tıxac problemi yaşanır, bəzi hallarda tələbələr bir neçə marşrut dəyişməli olurlar, bu da onların ciblərinə sərf etmir, nəqliyyata daha çox pul xərcləməyə məcbur qalırlar. Ona görə də təəssüf ki, bu sahədə ciddi bir gərginlik var, yəni qiymətlərin yüksək olması və mənzil sayının az olması kifayət qədər problem yaradır.

Lumu Zülfüqarova 


Paylaş
Şərh əlavə et