Bu gün:

Yeniyetmə oyunçu və anası internetdə tanış olduqları itkin qızın tapılmasına kömək ediblər


ABŞ-nin Kolorado ştatında yaşayan 16 yaşlı Landon Tresp onlayn oyun zamanı bir ildən çoxdur itkin düşən 17 yaşlı qızla tanış olub. Söhbət zamanı qız evdən qaçdığını və yaşlı bir kişi tərəfindən zorla saxlanıldığını bildirib.

24media.az BBC-yə istinadən xəbər verir ki, Landon vəziyyətdən narahat olaraq anası Kristina Trespi məlumat verib. Anası əvvəlcə qızla əlaqə saxlayıb, daha sonra onun yerini müəyyənləşdirmək üçün araşdırma aparıb və ABŞ Federal Təhqiqat Bürosuna (FTB) müraciət edib.


Məlum olub ki, qız ABŞ-ın Oreqon ştatında 39 yaşlı kişi tərəfindən saxlanılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aparılan iş nəticəsində qızın yeri müəyyən edilib və o, təhlükəsiz şəkildə tapılıb.


Şübhəli şəxs saxlanılıb və ona qarşı cinayət ittihamı irəli sürülüb. Hazırda onun məhkəmə prosesi gözlənilir.


Qeyd edək ki, Landon və anası tapılan qızla əlaqə saxlamağa davam edirlər. Ailə gələcəkdə onunla şəxsən görüşməyi planlaşdırır.


Aydan Xudayarova

Paylaş
Şərh əlavə et