Britaniyalı ekstremal üzgüçü Lyuis Pyu İranla bağlı müharibənin Hörmüz boğazının dəniz mühitinə və canlı aləminə təsirlərinə diqqət çəkmək məqsədilə üç gün ərzində boğazın müxtəlif hissələrində üzərək ümumilikdə 15 kilometr məsafə qət edib.
24edia.az The Guardian-a istinadən xəbər verir ki, BMT-nin Okeanlar üzrə himayədarı Lyuis Pyu Hörmüz boğazında üç gün ərzində ümumilikdə 15 kilometr məsafə üzərək qət edib. Hörmüz boğazı Yaxın Şərqdən neft daşınması üçün əsas dəniz yollarından biridir.
Lyuis Pyu Fondunun məlumatına görə, üzgüçü səfər zamanı ticarət gəmilərinə bir neçə hücumun, uzaq məsafədə baş verən partlayışların və üzərindən uçan qırıcı təyyarələrin şahidi olub.
Üzgüçülüyün ilk günü onun olduğu yerdən təxminən 4 kilometr məsafədə neft tankeri naməlum mərmi ilə vurulub. İkinci gün isə Lyuis Pyu ilə “Tara Gas” adlı yanan mayeləşdirilmiş neft qazı daşıyan gəmi arasında yerləşən burun üzərində alovların yüksəldiyini görüb. Daha sonra gəmi hələ yanmaqda olduğu vaxt onun yaxınlığından keçib.
“İlk növbədə gəmidəki dənizçilər barədə düşündüm. Alovlar çox böyük idi. Bu gəmilərdə asanlıqla alışan qazlar daşınır. Belə bir gəmiyə hücum həm ekipaj üzvləri, həm də ətrafdakı dəniz mühiti üçün ağır nəticələrə səbəb ola bilər”, – deyə Lyuis Pyu bildirib.
Fərid Tapdıqov
