Şənbə günü Baltik dənizində hərbi təyinatlı yüklərin daşınmasında istifadə olunan Rusiya yük gəmisi dron hücumuna məruz qalaraq alovlanıb. Finlandiya tərəfi hücumun böyük ehtimalla Ukrayna tərəfindən həyata keçirildiyini bildirib. Hadisədən sonra gəmi axın nəticəsində Finlandiyanın ərazi sularına daxil olub.

24media.az Reuters-ə istinadən xəbər verir ki, Finlandiya Sərhəd Mühafizəsinin komandiri İlya İlyin şənbə günü gec saatlarda ictimai yayımçı Yle-yə bildirib ki, “Sparta II” gəmisinin 16 nəfərlik heyəti əvvəlcə xilasedici qayıqlara, daha sonra isə yaxınlıqdakı başqa bir Rusiya gəmisinə keçərək təxliyə olunub. Onlar Rusiyaya doğru yola düşüblər.
Ukrayna bu il Rusiyanın şimal-qərbində yerləşən Leninqrad vilayətinə çoxsaylı hərbi dronlar göndərib. Onlardan bəzilərinin Baltikyanı ölkələrin hava məkanına daxil olması müharibənin NATO ərazisinə də təsir edə biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub.
Finlandiya Silahlı Qüvvələrinin sözçüsü Aki-Mauri Huhtinen mətbuat konfransında hücumun böyük ehtimalla Ukrayna tərəfindən həyata keçirildiyini bildirib. O, gəminin hansı səbəbdən hədəf alındığının hələlik məlum olmadığını da qeyd edib.
Finlandiya Müdafiə Qüvvələrinin məlumatına görə, Rusiyanın Kalininqrad eksklavına doğru hərəkət edən gəmi Rusiyaya məxsus Qoqland adasının qərbində, beynəlxalq sularda zədələnib. Bu məlumat Rusiya rəsmilərinin daha əvvəl verdiyi açıqlama ilə də üst-üstə düşür.
Finlandiya rəsmiləri şənbə günü gec saatlarda gəmidə yanğının davam etdiyini bildiriblər. Gəmi Finlandiyanın ərazi sularında lövbər saldığı üçün xilasetmə əməliyyatına Finlandiya rəhbərlik edir. Bununla belə, gələcəkdə Rusiya gəmilərinin zədələnmiş gəmini yedəyə alaraq Rusiyaya aparması mümkündür.
Finlandiya körfəzi Sahil Mühafizəsinin komandiri Mikko Simola bildirib ki, xilasetmə əməliyyatı zamanı Rusiya helikopterinin Finlandiyanın hava məkanını qısa müddətə pozduğu ehtimal olunur.
Aygül Alıyeva
