Bu gün:

Psixoloq: “Gənc öz gələcəyini qurarkən özünü itirməməlidir”


Müasir cəmiyyətdə gənclərin uğur qazanması, yüksək nəticələr əldə etməsi və karyera qurması ilə bağlı gözləntilər onların psixoloji vəziyyətinə təsir göstərir. Daim uğur qazanmaq təzyiqi, sosial müqayisələr və uğursuzluq qorxusu stress və psixoloji tükənməyə səbəb ola bilər.Mövzu ilə bağlı 24media.az-a danışan psixoloq Nabat Mirzəyeva bildirib ki, müasir gənclər daim rəqabət şəraitində olduqlarını hiss edirlər. Onlardan yaxşı təhsil almaq, yüksək nəticələr göstərmək, uğurlu karyera qurmaq, maddi müstəqillik əldə etmək və müəyyən yaşa qədər həyatlarını formalaşdırmaq gözlənilir.

Psixoloqun sözlərinə görə, bu gözləntilər gənclərdə daim yüksək nəticələr əldə etmək məcburiyyəti yaradır.

“Problem uğur qazanmaq istəyində deyil, uğurun insanın dəyərini müəyyən edən yeganə meyara çevrilməsindədir. Gənc düşünür ki, yüksək nəticə göstərə bilirsə, deməli, kifayət qədər yaxşı insandır. Bu düşüncə daimi stressə, narahatlığa, özünü başqaları ilə müqayisə etməyə və psixoloji tükənməyə səbəb ola bilər”.

Nabat Mirzəyeva qeyd edib ki, insan fiziki olaraq istirahət etsə belə, zehni yorğunluq yaşaya bilər. Daim daha çox iş görmək və yüksək nəticələr əldə etmək düşüncəsi zamanla fiziki yorğunluğa da gətirib çıxarır. O vurğulayıb ki, uğur motivasiya mənbəyi olmalı, insanın özünü cəzalandırmaq vasitəsinə çevrilməməlidir. Gənclər uğur qazanmadıqları günlərdə də özlərini dəyərli hiss etməlidirlər.

Psixoloq sosial şəbəkələrin gənclər arasında müqayisə meylini gücləndirdiyini bildirib. Onun fikrincə, gənclər başqalarının xaricdə təhsil almasını, biznes qurmasını və karyera uğurlarını gördükcə öz həyatlarını onlarla müqayisə etməyə başlayırlar.

“İnsan başqasının həyatının yalnız görünən tərəflərini görür və bunu öz həyatının bütün tərəfləri ilə müqayisə edir. Başqasının uğurunu görür, lakin onun yaşadığı qorxuları, çətinlikləri, uğursuzluqları və mübarizəni görmür. Nəticədə gənclərdə hamının irəlilədiyi, yalnız özlərinin yerində saydığı düşüncəsi formalaşır”, – deyə psixoloq bildirib.

O əlavə edib ki, müqayisə bəzən motivasiya mənbəyi ola bilər. Lakin insanı inkişaf etdirmək əvəzinə özünü dəyərsiz hiss etdirirsə, bu, sağlam müqayisə hesab edilə bilməz. Gənclər başqalarının həyatını özləri üçün meyar kimi deyil, ilham mənbəyi kimi görməlidirlər. Hər kəsin inkişaf tempi və həyat yolu fərqlidir.

Nabat Mirzəyeva uğur qazanmaq istəyən, lakin davamlı stress və uğursuzluq qorxusu yaşayan gənclərə bir sıra tövsiyələr də verib. O bildirib ki, ilk növbədə uğursuzluğu insanın şəxsiyyəti ilə eyniləşdirmək olmaz. İmtahandan aşağı nəticə almaq və ya müəyyən hədəfə çatmamaq insanın bacarıqsız olduğu demək deyil. Əksinə, bu təcrübələrdən nəticə çıxarmaq və inkişaf etmək mümkündür.

Psixoloq böyük hədəfləri kiçik və real addımlara bölməyi, istirahəti tənbəllik kimi qəbul etməməyi, yuxuya, sosial münasibətlərə və fiziki aktivliyə vaxt ayırmağı tövsiyə edib.

O, həmçinin gənclərin özləri ilə qurduqları daxili dialoqa diqqət yetirmələrinin vacibliyini vurğulayıb. “Mən bacarmıram”, “Mən geridəyəm” kimi düşüncələr əvəzinə “Mən hələ öyrənmə mərhələsindəyəm” və “Öz tempimlə irəliləyirəm” kimi yanaşmaların formalaşdırılması tövsiyə olunur.

Psixoloq uzunmüddətli stress, yuxu pozuntuları, gündəlik fəaliyyətə təsir edən narahatlıq və tükənmişlik hallarında mütəxəssisə müraciət etməyin vacibliyini qeyd edib.

Nabat Mirzəyeva fikirlərini belə yekunlaşdırıb: “Gənc öz gələcəyini qurarkən özünü itirməməlidir. Çünki qurmaq istədiyi həyatın içində özü də olmalıdır”.

Fidan Ağayeva


Paylaş
Şərh əlavə et