İsrail ordusunun atəşkəs razılaşmasına baxmayaraq, Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava və quru zərbələri nəticəsində 3 fələstinli həyatını itirib, 13 nəfər yaralanıb.
24media.az TRT Haber-ə istinadən xəbər verir ki, Qəzza zolağının mərkəzində yerləşən Əl-Əvda xəstəxanasının mənbələrinin məlumatına görə, İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) Nuseyrat qaçqın düşərgəsinin Yeni Düşərgə adlanan hissəsinə hücumu nəticəsində 60 yaşlı Diyab İsa Razi həlak olub. Onun cənazəsi xəstəxanaya çatdırılıb.
Yerli mənbələrin bildirdiyinə görə, İsrailə məxsus digər PUA eyni düşərgənin 20-ci küçəsində məcburi köçkünlərin məskunlaşdığı çadırı hədəfə alıb. Hücum nəticəsində 4 fələstinli yaralanıb.
Qəzza zolağının mərkəzindəki Məğazi qaçqın düşərgəsində İsrail ordusunun artilleriya atəşi və silahlı hücumu nəticəsində, aralarında bir qadının da olduğu 5 nəfər xəsarət alıb.
Deyr əl-Bələh şəhərinin girişinə yaxın ərazidə mülki şəxsləri hədəf alan PUA hücumu nəticəsində isə 2 nəfər ölüb.
Qəzza şəhərinin cənubundakı Sabra məhəlləsində İsrailə məxsus PUA-nın elektrikli velosipedə hücumu nəticəsində 4 fələstinli yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Yaralılar şəhərin qərbində yerləşən Şifa və şərqindəki Baptist xəstəxanalarına çatdırılıblar.
Atəşkəs pozuntularının ağır nəticələri
Qəzza Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara əsasən, İsrailin 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəs razılaşmasını pozması nəticəsində 1 662 fələstinli ölüb, 6 007 nəfər yaralanıb.
Məlumatda bildirilir ki, İsrailin 8 oktyabr 2023-cü ildə ABŞ-ın dəstəyi ilə başlatdığı hücumlar nəticəsində isə əksəriyyəti qadın və uşaqlar olmaqla, 74 mindən çox fələstinli həyatını itirib, 176 mindən çox insan yaralanıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, infrastrukturunun təxminən 90 faizi dağılan Qəzza zolağının yenidən qurulması üçün 71,4 milyard dollar vəsait tələb oluna bilər.
Piranə Seyran
