Bu gün:

Araşdırmalar göstərir ki, insanlar süni intellektdən narahatdırlar


Avropalı istifadəçilərlə bağlı yeni bir araşdırmaya görə insanlar süni intellektdəki inkişaflardan və onun gələcəyindən narahatdırlar. Xüsusilə, bəzi ölkələr bəşəriyyətin süni intellektə hazır olmadığını düşünür.

Süni intellekt texnologiyaları günü-gündən inkişaf edərkən özü ilə müzakirələr də gətirir. Bəzi ekspertlər bu texnologiyanın yaxşılığa doğru istifadə edilə bilən bir qüvvə olduğunu, digərləri isə bəşəriyyəti məhv etmək təhlükəsi yaratdığını iddia edirlər.

Hətta bir vaxtlar OpenAI-nin qurucuları arasında olan, lakin 2018-ci ildə idarə heyətindən istefa verən və bu yaxınlarda öz süni intellekt şirkətini quraraq diqqətləri üzərinə çəkən Elon Musk da son aylarda süni intellekt texnologiyası ilə bağlı xəbərdarlıq etmiş və bunun yavaşlatılması lazım olduğunu müdafiə etmişdir.

Yeni araşdırma insanların hələ də bu texnologiyaya ehtiyatla yanaşdığını ortaya qoyur.

Avropalı istifadəçilərin süni intellekt haqqında nə düşündüyünü qiymətləndirmək üçün qitənin beş əsas bazarında böyüklər arasında sorğu keçirilib.

Fransa, Almaniya, İspaniya, İtaliya və Böyük Britaniyanı əhatə edən sorğu respondentləri süni intellektin səhiyyə diaqnostikasında, yolkənarı yardımda, uçuş və otel tövsiyələrində inteqrasiyasından həyəcanlandırıb. Lakin sorğuda iştirak edən avropalı istifadəçilərin böyük əksəriyyəti cəmiyyətin süni intellektə hələ hazır olmadığını düşünür. Bu vəziyyət, xüsusilə, Fransada yüzdə 74 və Almaniyada yüzdə 70 ilə güclüdür.

İştirakçıların tərəddüdünün arxasında yalan məlumatların yayılması, uşaqların qorunması və şəxsi məlumatların məxfiliyinə dair narahatlıqlar dayanır.

Respondentlərin hər 10 nəfərindən üçü süni intellektə etibar etmir. Böyük Britaniya və İspaniyada ən böyük qorxu texnoloji şirkətlər tərəfindən süni intellektin məsuliyyətsiz inkişafıdır. Əslində, bütün bazarlarda sorğuda iştirak edən respondentlərin yarıdan çoxu süni intellektin hökumət tərəfindən ciddi şəkildə tənzimlənməsi ilə razılaşır. Bu vəziyyət hökumətin innovasiyaya əsaslanan yanaşmaya üstünlük verdiyi İspaniyada 66 faizə, Böyük Britaniyada isə 64 faizə çatır.

Ümumilikdə, sorğu istifadəçilərin süni intellektə maraq göstərdiyini, texnologiyanın mümkün sui-istifadəsi və nəzarətsizliyi ilə bağlı narahatlıqların qaldığını göstərir.

Mənbə: Sözcü

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et