Bu gün:

MDU rektoru Türkiyədə təcrübə keçmiş 32 turizm tələbəsi ilə görüşüb


2026-cı il noyabrın 3-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov Türkiyənin müxtəlif hotellərində istehsalat təcrübəsi keçmiş “Turizm işinin təşkili” ixtisasının sonuncu kursunda təhsil alan 32 tələbə ilə görüşüb.24media.az xəbər verir ki, görüşdə tələbələrin Türkiyədəki təcrübələri, əldə etdikləri bilik və bacarıqlar, eləcə də gələcək məşğulluq imkanları müzakirə olunub.Görüş zamanı Anar Eminov tələbələrin xaricdə istehsalat təcrübəsində iştirakının nəzəri biliklərini praktiki iş mühitində tətbiq etməyə və beynəlxalq xidmət standartları ilə tanış olmağa imkan verdiyini bildirib. O, turizm sektorunda xarici dil bilikləri, ünsiyyət və idarəetmə bacarıqlarının əhəmiyyətini qeyd edib.Rektor tələbələrə əldə etdikləri təcrübədən gələcək karyeralarında istifadə etməyi, peşəkar biliklərini və xarici dil bacarıqlarını inkişaf etdirməyi tövsiyə edib. Magistratura təhsili, beynəlxalq sertifikat proqramları və davamlı öyrənmə imkanlarına da toxunub.

Tələbələr Türkiyənin hotelçilik və qonaqpərvərlik sektorunda keçdikləri təcrübə barədə məlumat veriblər. Onlar xidmətin təşkili, müştəri məmnuniyyəti, peşəkar ünsiyyət və komanda işi sahələrində qazandıqları praktiki bilikləri bölüşüblər.Görüşdə tələbələrin gələcək məşğulluq perspektivləri, təcrübə müddətində əldə etdikləri biliklərin təhsil prosesində tətbiqi və beynəlxalq peşəkar əlaqələrin inkişafı məsələləri də müzakirə olunub.


Həvva Cəbrayılova

Paylaş
Şərh əlavə et