Bu gün:

Qazaxıstanda ikinci Amur pələngi vəhşi təbiətə buraxılıb


Qazaxıstanın “İle-Balxaş” Dövlət Təbiət Qoruğunda reintroduksiya proqramı çərçivəsində ikinci Amur pələngi vəhşi təbiətə buraxılıb. Amur adlı erkək pələng növün tarixən yaşadığı ərazilərə qaytarılıb.

Foto: rg.ru

24media.az KT.kz saytına istinadən xəbər verir ki, təbiətə buraxılmazdan əvvəl pələng tibbi müayinədən və davranış testlərindən keçirilib. Mütəxəssislər onun sağlamlığını, ovçuluq bacarıqlarını, müstəqil şəkildə qida əldə etmək qabiliyyətini və insanlara reaksiyasını yoxlayıblar.

Pələngin hərəkətlərini və yeni mühitə uyğunlaşmasını izləmək üçün ona peyk izləmə cihazı ilə təchiz edilmiş xüsusi yaxalıq taxılıb.

Qeyd edək ki, ilk dişi pələng Ümit 2026-cı il iyulun 31-də eyni qoruqda vəhşi təbiətə buraxılıb. Mütəxəssislərin məlumatına görə, o, artıq əraziyə uyğunlaşıb və müstəqil şəkildə ov edir.

Pələnglər 70 ildən artıqdır ki, Qazaxıstanın vəhşi təbiətində mövcud deyil. Onların yaşayış mühitinin və qida ehtiyatlarının bərpası istiqamətində işlər 2018-ci ildən aparılır.

Bu məqsədlə qoruqda vəhşi heyvanların sayının artırılması istiqamətində də tədbirlər görülür. 2026-cı ilin sentyabrında “Altın-Emel” Milli Parkından qoruğa 30 qulan köçürülüb.

Yerli sakinlərin təhlükəsizliyini təmin etmək üçün xüsusi münaqişələrin qarşısının alınması qrupu da yaradılıb. Qrupun mütəxəssisləri pələnglərin hərəkətlərini izləyir, əhali ilə əlaqə saxlayır və gözlənilməz hallara operativ müdaxilə edirlər.


Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et