Bu gün:

Fransada polisə Molotov kokteyli atılması ilə bağlı qəsdən adam öldürməyə cəhd işi açılıb


Fransa mediasının məlumatına görə, etirazlar zamanı polisə Molotov kokteyli atılmasından sonra Paris prokurorluğu qəsdən adam öldürməyə cəhd maddəsi ilə istintaqa başlayıb.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, Fransa mediasının məlumatına görə, etirazlar zamanı jandarm və polis əməkdaşlarına Molotov kokteyli atılmasından sonra Paris prokurorluğu qəsdən adam öldürməyə cəhd faktı üzrə istintaqa başlayıb.

Şənbə günü Parisdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar zamanı bir jandarm əməkdaşının geyiminin alovlandığını göstərən görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Hadisə Fransada həftələrdir davam edən küçə etirazları zamanı baş verib. Bu etirazlarda nümayişçilər də xəsarət alıblar.

Ayaq biləyindən yanıq xəsarəti alan jandarm əməkdaşı “Le Figaro” qəzetinə açıqlamasında ona atılan yandırıcı maddənin güclü təsirə malik olduğunu bildirib.

Daxili işlər naziri Loran Nünez jandarm əməkdaşlarına Molotov kokteyli atılmasını qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirib. O, hadisəni törədən şəxslərin müəyyən edilməsi üçün araşdırmaların davam etdiyini bildirib.

Şənbə günü Fransanın müxtəlif bölgələrində yüz minlərlə insan əsasən dinc etiraz aksiyaları keçirib. Bu aksiyalar sentyabrın sonlarında başlayan və gənclərin öncülük etdiyi etirazların növbəti mərhələsi olub. Etirazçılar əsasən təhsil sahəsində dövlət xidmətlərinin yetərsizliyinə və yaşayış xərclərinin artmasına etiraz ediblər.

Əvvəlki toqquşmalar və talan hadisələrindən sonra həftəsonu ölkə üzrə 70 min polis və jandarm əməkdaşı səfərbər edilib. Bəzi şəhərlərdə polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Fransa Daxili İşlər Nazirliyi şənbə günü keçirilən etirazlar və Hellouin gecəsi ərzində ölkə üzrə 779 nəfərin saxlanıldığını açıqlayıb.



Fəqan Nurullazadə



Paylaş
Şərh əlavə et