Bu gün:

Facebookda sizin üçün faydalı olacaq qruplar


Facebookda müxtəlif illərdə yaradılmış və müxtəlif mövzularda diqqətinizi çəkəcək, sizə faydalı və maraqlı olacaq bəzi qruplar haqqında qısa məlumatı sizinlə paylaşırıq.


Çayzadə

Çaysevərlərin, sevməklə qalmayıb onunla bağlı hər şeyə maraqlı olanların bir arada olduğu qrupdur. "Çayımız bol olsun!" şüarı ilə tanınan qrup fəaliyyətinə 31 may 2020-ci ildə başlayıb. 4 minə yaxın üzvü olan qrupda çayın tarixi, onun fəlsəfəsi, faydaları ilə bağlı çoxlu paylaşıma rast gəlmək mümkündür. Çayla vaxt keçirməyi çox sevir, ən sevimli və yaddaqalan anlarınızı paylaşmaq üçün mühit axtarırsınızsa, çayzadə tam sizə görədir.


Müştərinin səsi

Məqsədi müştərinin səsini daha yüksəkdən çatdırmaq olan qrup təxminən 3 il öncə yaradılıb və 17 minə yaxın üzvü ilə facebookda aktiv fəaliyyət göstərir. Burada insanlar istifadə etdikləri xidmətlər barədə olan şikayətlərini dilə gətirir və öz haqqlarını rahatlıqla tələb edə bilirlər. Ayrıca, onların şikayətlərinin tez bir zamanda həll tapması qrupun gündən-günə daha geniş auditoriyaya çatmasıma kömək edir. İstənilən şirkət və ya xidmətlə bağlı şikayətinizi burada səsləndirə bilərsiniz.


Yolüstü

Yola çıxan maşınlar və sərnişinlərin bir-biri ilə rahat əlaqə qurması, gediş-gəliş xərclərini azaltmaq məqsədilə 2017-ci ildə yaradılan qrupun 20 minə yazın üzvü mövcuddur. Yola çıxan sürücülər tarix, saat və istiqaməti qeyd edir və ona uyğun müştəri ilə qarşılaşarsa, qrup qaydasına uyğun məbləğ qarşılığında ünsiyyət yaradırlar. Eynilə ucuz ödəniş müqabilində  yola çıxmaq istəyən sərnişinlər burada özlərinə uyğun vasitəni seçə bilirlər. Yolüstü baxmağınızı tövsiyyə edirik.


Sürəyənlər

Azərbaycanda velosiped turizminin, velosiped ekosisteminin formalaşmasına xidmət edən bu qrup 2018-ci ildə yaradılıb, təxminən 12 min üzvü var. Velosiped sürən, yeni başlayan və arzulayan hər kəsin qatılmaq istəyəcəyi olan qrup fikir və təcrübə mübadiləsi üçün nəzərdə tutulub. Həmçinin siz burada velosipedə aid maraqlı və əyləncəli paylaşımlar görə bilər, fərqli velosiped modelləri və aksesuarları ilə tanış ola bilərsiniz.


İşlətmirəm, sənin olsun 

Artıq işlətmədiyiniz, sizə lazımlı olmayan və ya xeyriyyə məqsədilə vermək istədiyiniz istənilən əşyanın şəklini çəkib, haqqında qısa məlumat yazırsınız və həmin əşyaya ehtiyac duyan biri sizinlə əlaqə saxlayıb o əşyanı sizdən götürür. İnsanların ehtiyac duyduqları əşyaları asanlıqla əldə edə biləcəkləri bu qrup 2019-cu ildə yaradılıb, 36 minə yazın üzvü mövcuddur. Gərək duymadığınız əşyalardan başqalarının faydalanmasını istəyirsinizsə, bu qrup sizin üçündür.


Serial və film 

Film və serial sevənlərin, öz zövqünə güvənənlərin və izlədikləri haqqında müzakirə etmək istəyənlərin qatılmalı olduğu qrupdur. Burada siz izləyib bəyəndiyiniz film və ya serial haqqında öz fikrinizi yazaraq tövsiyyə verə, yaxud da asudə vaxtınızı dəyərləndirmək istəyərkən tövsiyyə ala bilərsiniz. Film və seriallar haqqında maraqlı paylaşımlarla dolu olan qrup 2019-cu ildə yaranıb, 25 minə yaxın üzvü var.


Razmerim deyil 

İstənilən ölkədən sifariş edib, lakin ölçüsü düzgün gəlməyəndə üzülməyinizə ehtiyac yoxdur. Çünki bu qrupda sifarişinizə uyğun ölçüdə olan şəxsi mütləq tapacaqsınız. Uyğun qiymətlərlə ölçünüz olmayan geyimlərinizi rahatlıqla satışa qoya biləcəyiniz qrup 2020-ci ildə yaradılıb, 9 minə yaxın üzvü var.


Milli dələduzlar 

Sizə qarşı dələduzluq edilərsə, fırıldaq halı ilə qarşılaşarsınızsa, bu qrupda yaşadığınız hadisəni paylaşaraq hüquq mühafizə orqanlarından yardım istəyə bilərsiniz. Yaşadığınız dələduzluq hallarını paylaşmaqla insanları məlumatlandıracaqsınız və bu da yeni belə halların qarşısını almaqda kömək edəcək. 2020-ci ildən fəaliyyətə başlayan qrupun 34 minə yaxın üzvü var.


Müştəriyəm razıyam

İstifadə edib razı qaldığınız məhsul və şirkətləri paylaşaraq daha çox insanın yararlanmasına kömək edə bilərsiniz. Həmçinin sizə lazım olan məhsul və ya xidmət haqqında ətraflı məlumat yazaraq ən uyğun şirkəti tapa bilərsiniz. Şirkətlər barədə suallarınıza tez və rahat cavab ala biləcəyiniz bu qrup 2019-cu ildə yaradılıb, 12 minə yaxın üzvü var.



Çörək almaq adıyla çıxanlar

Xaricdə təhsil almaq, iş tapıb orada həyat qurmaq istəyən hər kəs üçün olduqca faydalı olacaq bu qrupun 70 mindən çox üzvü var, 2017-ci ildən bəridir ki, xaricdə yaşayan azərbaycanlılarla xaricə getmək istəyənlər arasında körpü rolunu oynayır. Hətta siz burada öyrənmək istədiyiniz dili inkşaf etdirmək üçün həmin dildə danışanlarla partnyorluq əlaqəsi qura bilərsiniz. Həmçinin gedəcəyiniz ölkə haqqında ətraflı məlumat alacaq, bütün rəsmi və hüquqi cəhətdən məlumatlar əldə edə biləcəksiniz.


Ayşə Məmmədcəfərli


Paylaş
Şərh əlavə et