5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mingəçevir Dövlət Universitetində Rəqəmsal Mühəndislik və “MathStage” laboratoriyalarının açılış mərasimi keçirilib.
24media.az xəbər verir ki, tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov və universitetin əməkdaşları iştirak ediblər.
Rəqəmsal Mühəndislik Laboratoriyası tələbə və müəllimlərin mühəndislik sahəsində müasir rəqəmsal texnologiyalardan istifadəsi, nəzəri biliklərin praktiki fəaliyyətlə möhkəmləndirilməsi və yeni texnoloji bacarıqların formalaşdırılması üçün nəzərdə tutulub. Burada tədris prosesi, praktiki məşğələlər və tələbə layihələrinin həyata keçirilməsi üçün müvafiq imkanlar yaradılıb.
“MathStage” Laboratoriyası isə riyaziyyatın interaktiv və tətbiqyönümlü şəkildə tədrisinə, eləcə də tələbələrin məntiqi düşünmə və problem həll etmə bacarıqlarının inkişafına xidmət edəcək.
Laboratoriyaların Beynəlxalq Müəllimlər Günü münasibətilə istifadəyə verilməsi müasir təhsil mühitinin formalaşdırılması və müəllim əməyinə verilən dəyərin nümayişi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində bu istiqamətdə həyata keçirilən layihələr tələbələrin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinə, praktiki hazırlıqlarının gücləndirilməsinə və tədris imkanlarının genişləndirilməsinə yönəlib.




Həvva Cəbrayılova
