Bu gün:

İspaniyada turist sayı 100 milyona yaxınlaşır


İspaniya turizm sektorunda artım tempini davam etdirərək xarici turist sayının 100 milyona yaxınlaşdığını bildirib. Rəsmilər bu artımı problem kimi yox, idarəolunan inkişaf kimi qiymətləndiriblər.

İspaniya turizm naziri Jordi Hereu bildirib ki, ölkə ənənəvi “günəş, dəniz və sahil” modelindən tədricən uzaqlaşaraq daha az tanınan regionların və mövsümdənkənar turizmin inkişafına üstünlük verib.

Onun sözlərinə görə, bu il İspaniyaya gələn xarici turistlərin sayı 100 milyon nəfərə çata bilər və bu göstərici hökumət üçün narahatlıq yaratmır. Nazir qeyd edib ki, əsas məqsəd “sakit artım” adlanan, yəni idarəolunan və davamlı inkişaf modelinə nail olub.

Rəqəmlərə əsasən, ötən il İspaniyaya gələn xarici turistlərin sayı 3,2 faiz artaraq 96,8 milyon nəfərə çatıb, turistlərin xərcləri isə 6,8 faiz artaraq 134 milyard avro təşkil edib.

Cari ilin ilk rübündə isə turist sayı 3,4 faiz, gəlirlər isə 6,7 faiz artım göstərib.

Jordi Hereu əlavə edib ki, qlobal geosiyasi və iqtisadi qeyri-müəyyənliklər bəzi istiqamətlərdən turist axınının İspaniyaya yönəlməsinə səbəb ola bilər, lakin ümumi proqnozlar mülayim artım ssenarisini göstərir.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et