Bu gün:

Səudiyyə Ərəbistanı mediasında Azərbaycanın kulinariya ənənələri barədə məqalə dərc olunub


Səudiyyə Ərəbistanının Londonda nəşr olunan nüfuzlu “əş-Şarq əl-Avsət” qəzetində Azərbaycanın zəngin kulinariya ənənələri və milli mətbəxinin müxtəlifliyi barədə geniş məqalə dərc olunub.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə milli mətbəximizin ləziz təamları, onların hazırlanması və süfrəyə verilməsi qaydaları haqqında yazılıb.

Bildirilir ki, Azərbaycan mətbəxində ət yeməkləri, müxtəlif plov növləri və təndir çörəkləri xüsusi yer tutur. Eyni zamanda, zəfəran, nar, əncir kimi inqrediyentlər yeməklərə özünəməxsus dad qatır.

Materialda xarici aşpazların da Azərbaycan mətbəxinə maraq göstərdiyi vurğulanır. Onlar milli yeməklərin zənginliyini və ölkədə qonaqpərvərlik ənənələrinin yüksək səviyyədə olduğunu qeyd edirlər.

Vurğulanır ki, ölkəyə ilk dəfə səfər edənlər üçün qutab ən çox tövsiyə olunan yeməklərdən biridir. Nazik xəmirdən hazırlanan və müxtəlif içliklərlə təqdim edilən bu yemək adətən qatıq və ya sumaqla servis olunur.

Bundan əlavə, ənənəvi şirniyyat növlərindən biri olan “Basqal halvası” da xüsusi qeyd olunub. Bu şirniyyat cücərdilmiş buğda, qoz, fındıq və ədviyyatların qarışığından hazırlanır və yüksək qida dəyərinə malikdir.

Məqalədə vurğulanır ki, Azərbaycanın bütün bölgələrinin özünəməxsus kulinariya ənənələri var.

Sonda qeyd edilir ki, Azərbaycan mətbəxi həm də zəngin mədəni irsi əks etdirən unikal təcrübə təqdim edir və ölkəni qastronomiya turizmi baxımından cəlbedici istiqamətlərdən birinə çevirir.

Piranə Xasiyeva

Paylaş
Şərh əlavə et