Bu gün:

Atletico Madrid “Kamp Nou”-da tarix yazıb


UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İspaniyanın iki nəhəngi – "Barcelona" və "Atletico Madrid" arasında keçirilmiş ilk görüş gözlənilməz nəticə ilə yadda qalıb. “Kamp Nou” stadionunda baş tutmuş qarşılaşmada Madrid təmsilçisi taktiki baxımdan üstün oyun nümayiş etdirərək 2:0 hesablı səfər qələbəsi qazanıb.

Julián Álvarezin cərimə zərbəsindən vurduğu möhtəşəm qolu özünəməxsus tərzdə qeyd edir

24media.az "sporx.com"-a istinadən bildirir ki, matçın taleyinə təsir edən əsas epizodlardan biri 44-cü dəqiqədə yaşanıb. Kataloniyalıların gənc müdafiəçisi Pau Cubarsí son ümid qaydasını pozduğu üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu məqamdan sonra say üstünlüyünü ələ keçirən qonaqlar oyuna tam nəzarəti ələ alıblar.

Fasiləyə saniyələr qalmış Julián Álvarez cərimə zərbəsindən möhtəşəm qola imza ataraq hesabı açıb və komandasına psixoloji üstünlük qazandırıb.

İkinci hissədə Diego Simeonenin etdiyi dəyişikliklər oyunun gedişatını daha da Madridlilərin xeyrinə çevirib. 60-cı dəqiqədə meydana daxil olan Alexander Sørloth cəmi 10 dəqiqə sonra fərqlənərək hesab arasındakı fərqi artırıb və görüşün taleyini faktiki olaraq həll edib.

Qeyd edək ki, norveçli hücumçu bu qolla "Barcelona"-ya qarşı keçirdiyi oyunlarda məhsuldarlığını davam etdirərək statistikasını yaxşılaşdırıb.

Bu qələbə bir neçə tarixi məqamla yadda qalıb. Belə ki, "Atletico Madrid" 2006-cı ildən sonra ilk dəfə “Kamp Nou”-da qalib gəlib və uzun illər davam edən uğursuz seriyanı qırıb. Eyni zamanda, Madrid klubu UEFA Çempionlar Liqasında ilk dəfə İspan rəqibini səfərdə məğlub etməyi bacarıb.

Bu nəticə həm də Diego Simeonenin məşqçilik karyerasında xüsusi yer tutub. Argentinalı mütəxəssis “Atletiko Madrid”-in baş məşqçisi kimi ilk dəfə “Barselona”-nı səfərdə məğlub etməyə nail olub.

Cavab qarşılaşması aprelin 14-də Madriddə keçiriləcək. Hansi Flickin rəhbərlik etdiyi "Barcelona" üçün bu oyunda geri dönüş etmək çətin, lakin mümkün missiya kimi qiymətləndirilib. Qarşılaşmanın qalibi yarımfinalda Arsenal – Sporting CP cütünün güclüsü ilə üz-üzə gələcək.

Ömər Cəfərov

Paylaş
Şərh əlavə et