Bu gün:

“Eintracht Frankfurt”da Can Uzunla bağlı gərginlik artır


Almaniya Bundesliqasında bu mövsüm çıxışı ilə diqqət çəkən gənc futbolçu Can Uzun son həftələrdə həm zədələr, həm də oyun ritmini itirməsi səbəbindən çətin dönəm yaşayır. Mövsümün əvvəlində göstərdiyi stabil performansla əsas heyətin vacib parçalarından birinə çevrilən yarımmüdafiəçi hazırda əvvəlki formasından uzaq görünür.

Can Uzun oyun zamanı komanda yoldaşının verdiyi dəqiq ötürməyə görə ona jestlə təşəkkürünü bildirir.

24media.az sporx.com-a istinadən bildirir ki, Eintracht Frankfurtın Kölnlə qarşılaşmasında 90 dəqiqə ehtiyatda qalan futbolçu ilə bağlı baş məşqçi Albert Rieranın açıqlamaları gündəmə damğa vurub. İspan mütəxəssis oyunçunun yalnız topla keyfiyyətlərinin kifayət etmədiyini vurğulayaraq, topsuz oyunda – xüsusilə pressinq, mövqe seçimi və müdafiə intizamında – daha yüksək səviyyə tələb etdiyini açıq şəkildə bildirib.

Riera “komandada oynamaq üçün futbolçu hər iki fazada effektiv olmalıdır” mesajını verərək seçimlərinin prinsipial olduğunu qeyd edib. Bu sərt mövqe Can Uzun üçün ciddi xəbərdarlıq kimi qiymətləndirilir və onun əsas heyətdəki mövqeyini sual altına salır.

Klub daxilində yaranan bu vəziyyət transfer bazarına da təsirsiz ötüşməyib. Daha əvvəl Eintracht Frankfurtın oyunçu üçün yüksək məbləğ gözlədiyi bildirilsə də, son hadisələr fonunda bu rəqəmin yenidən nəzərdən keçirilə biləcəyi iddia olunur.

Avropa klubları isə vəziyyəti diqqətlə izləyir. Xüsusilə AC Milanın gənc futbolçunu potensial “fürsət transferi” kimi dəyərləndirdiyi və yay transfer pəncərəsində hərəkətə keçə biləcəyi qeyd olunur.

Yay ayları yaxınlaşdıqca Can Uzunun gələcəyi həm fərdi performansından, həm də klub daxilindəki bu gərginliyin necə həll olunacağından asılı olacaq.

Ömər Cəfərov

Paylaş
Şərh əlavə et