Almaniyanın “Bayern Münhen” klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Real Madrid”ə qarşı keçirəcəyi vacib oyun öncəsi komandanın əsas hücumçusu Harri Keynin fiziki durumunu diqqətlə izləyir.
“Bayern Münhen”in hücumçusu Harri Keyn oyun zamanı komanda yoldaşlarına istiqamət verərkən
Bu barədə məlumat "BBC-Sports"-da yer alıb. Bildirilir ki, İngiltərə millisinin kapitanı olan 32 yaşlı futbolçu zədə səbəbindən tam hazır olmasa da, komanda ilə birlikdə məşqlərdə iştirak edib və heyətlə birlikdə Madridə yollanıb.
Məlumata görə, futbolçu daha əvvəl topuq nahiyəsində yüngül zədə alıb və bu səbəbdən İngiltərənin Yaponiya ilə keçirdiyi yoldaşlıq oyununu buraxıb. O, həmçinin “Bayern Münhen”in “Frayburq” üzərində 3:2 hesablı qələbə qazandığı matçda da iştirak etməyib.
Komandanın baş məşqçisi Vinsent Kompani futbolçunun oyunda iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərarın matçdan əvvəl veriləcəyini bildirib. O qeyd edib ki, Keynin son məşqlərdə aktiv olması müsbət haldır, lakin risk etməmək üçün son vəziyyət diqqətlə qiymətləndiriləcək.
Harri Keyn bu mövsüm “Bayern Münhen” üçün əsas fiqurlardan biri hesab olunur. O, Çempionlar Liqasında 10 qol vurub və Bundesliqada da ən çox qol vuran futbolçudur.
Komanda yoldaşı Yoşua Kimmix isə Keynin əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, futbolçunun həm qol vurmaq bacarığı, həm də liderlik keyfiyyətləri komanda üçün olduqca vacibdir. Kimmixə görə, Keyn yalnız hücumçu deyil, eyni zamanda komandaya ruh verən əsas oyunçulardandır.
Baş məşqçi Kompani isə jurnalistlərin suallarına cavab olaraq bildirib ki, hər bir futbolçu ilə bağlı qərar fərdi şəkildə verilir və Keynin oyuna çıxıb-çıxmayacağı son anda müəyyənləşəcək.
Fatimə Salmanlı
