ABŞ-nin MLS çempionatında çıxış edən “Inter Miami” klubu yeni stadionunun açılış oyununda “Austin” komandası ilə 2:2 hesablı heç-heçə edib. Qarşılaşma komandanın yeni istifadəyə verilən “Nu Stadium” arenasında baş tutub.
Luis Suares vurduğu qoldan sonra sevincini nümayiş etdirərkən
Bu barədə məlumat xarici idman mediasında, o cümlədən BBC Sport portalında dərc olunub. Bildirilib ki, oyunun əsas diqqət çəkən məqamlarından biri uruqvaylı hücumçu Luis Suaresin son dəqiqələrdə vurduğu qol olub.
Görüşə daha fəal başlayan qonaq “Austin” komandası hesabı erkən dəqiqələrdə açıb. Oyunun 6-cı dəqiqəsində Guilherme Biro fərqlənərək yeni stadionda vurulan ilk qolun müəllifi olub. Bir müddət sonra “Inter Miami” Lionel Messinin qolu ilə hesabı bərabərləşdirib.
İkinci hissədə isə Jayden Nelson “Austin”i yenidən önə keçirib. Lakin qarşılaşmanın sonlarına yaxın meydana daxil olan Luis Suares 81-ci dəqiqədə fərqlənərək komandasını məğlubiyyətdən xilas edib və matç 2:2 hesabı ilə yekunlaşıb.
Qeyd edilib ki, “Inter Miami” bu mövsümə qədər ev oyunlarını müvəqqəti olaraq başqa stadionda keçirirdi və yeni arenanın açılışı klub üçün mühüm hadisə kimi qiymətləndirilir. Komanda hazırda turnir cədvəlində ilk dördlükdə qərarlaşıb.
Klubun həmtəsisçilərindən biri olan sabiq futbolçu Devid Bekhem matçdan əvvəl verdiyi açıqlamada yeni stadionun açılışını “illərin zəhmətinin nəticəsi” adlandırıb və bunu xüsusi bir an kimi qiymətləndirib.
Fatimə Salmanlı
