ABŞ və İran arasında artan gərginlik fonunda Tehran rəsmiləri sülh danışıqları üçün imkanların hələ də mövcud olduğunu bildiriblər. İran tərəfi diplomatik əlaqələrin tam kəsilmədiyini və vəziyyətin siyasi yollarla həllinə üstünlük verildiyini vurğulayıb. Bu açıqlama bölgədə qarşıdurmanın davam etdiyi və itkin düşmüş ABŞ pilotunun axtarışlarının aparıldığı bir vaxta təsadüf edir.

ABŞ Hərbi Hava Qüvvələrinin F-16 qırıcı təyyarəsi KC-135 tankerindən havada yanacaq doldurur, REUTERS
Məlumata görə, hadisə ABŞ hərbi əməliyyatları zamanı baş verib. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə bağlı insidentdən sonra ekipaj üzvlərindən ikisi xilas edilib. Lakin bir pilotun taleyi hələ də qeyri-müəyyən olaraq qalır və onun axtarışları davam etdirilir.
ABŞ rəsmiləri bildiriblər ki, axtarış-xilasetmə əməliyyatları geniş miqyasda aparılır və bütün mövcud resurslar bu istiqamətə yönəldilib. Əməliyyatların çətin şəraitdə həyata keçirildiyi qeyd olunur.
Digər tərəfdən, İran rəsmiləri mövcud hərbi qarşıdurmaya baxmayaraq, diplomatik həll yollarının mümkün olduğunu qeyd ediblər. Onların sözlərinə görə, tərəflər arasında dialoq üçün imkanlar hələ də qalır.
Ekspertlər hesab edirlər ki, regionda vəziyyət gərgin olaraq qalır. Bununla belə, tərəflərin sülh danışıqlarına açıq mesajlar verməsi gələcəkdə diplomatik proseslərin bərpasına şərait yarada bilər.
Mənbə: Reuters
Tərcümə etdi:Zəhra Məlikova
