Bu gün:

Şimali İrlandiya yığması İtaliya ilə yarımfinal oyunu öncəsi ciddi itki ilə üzləşib


Şimali İrlandiya millisinin yarımmüdafiəçisi Ali Makkann İtaliyaya qarşı keçiriləcək Dünya Çempionatının pley-off yarımfinal matçını buraxacaq. Qarşılaşma İtaliyanın Berqamo şəhərində baş tutacaq.

Şimali İrlandiya millisinin futbolçusu Ali Makkann zədələndikdən sonra meydanı tərk edərkən

Bu barədə məlumat "BBC-Sport"-da yer alıb. Bildirilib ki, komandanın baş məşqçisi Maykl O’Nill futbolçunun oyuna hazır olacağına ümid etsə də, o, son zədəsindən tam sağalmayıb.

Qeyd edək ki, Makkann klubunun heyətində “Koventri Siti”yə qarşı oyunda zədələnib və matçın ilk hissəsində meydanı tərk etməyə məcbur qalıb. Klub məşqçisi Pol Hekinqbottom həmin epizodu şərh edərkən zədənin ciddi təmas nəticəsində yarandığını bildirib.

Bu itki Şimali İrlandiya üçün əlavə problem yaradıb. Belə ki, daha əvvəl Daniel Ballard zədə səbəbindən heyətdən kənarda qalıb, Konor Bredli isə artıq komandaya kömək edə bilmir.

Baş məşqçi O’Nill qarşıdakı oyun üçün heyəti daraldıb. Təcrübəli Dion Çarlzla yanaşı, Kieran Morrison, Ceymi MakDonnell və Coş Klark da zədə səbəbindən siyahıya daxil edilməyiblər. Buna baxmayaraq, müdafiəçi Tom Atçeson yekun heyətdə yer alıb.

Digər tərəfdən, İtaliya millisində də itkilər var. Baş məşqçi Cennaro Qattuzo vacib oyun öncəsi heyəti açıqlayıb və Canluka Skamakkanın zədə səbəbindən oynaya bilməyəcəyini qeyd edib. O, son günlər fərdi məşq etsə də, vaxtında sağalmayıb.

Bundan əlavə, Andrea Kambiaso, Elia Kaprile, Dieqo Koppola və Nikolo Kambiyagi də yekun heyətdən kənarda qalıblar.

Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et