ABŞ Prezidenti Donald Tramp son iki gün ərzində İranla Yaxın Şərqdəki düşmənçiliyə son qoymaq məqsədilə olduqca məhsuldar görüşlər keçirdiklərini bəyan edib. Bu müsbət gedişatı nəzərə alan Tramp İranın enerji infrastrukturuna planlaşdırılan hərbi zərbələrin beş gün müddətinə təxirə salınması barədə göstəriş verdiyini bildirib. Sözügedən sülh ehtimalları qlobal enerji bazarlarına dərhal təsir göstərərək, Brent markalı neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasına səbəb olub.

Tramp regiondakı müttəfiqlərin təhlükəsizliyinin qorunacağını vurğulasa da, Hörmüz boğazının mühafizəsinin artıq oradan istifadə edən digər dövlətlər tərəfindən təmin edilməli olduğunu qeyd edib. Lakin rəsmi Tehran bu iddiaları qətiyyətlə rədd edib, ABŞ ilə hər hansı birbaşa və ya konstruktiv müzakirənin aparılmadığını bildirib. İran tərəfi Trampın bəyanatlarını "psixoloji müharibə" adlandırıb və hərbi geri çəkilmənin əsl səbəbinin qlobal maliyyə bazarlarındakı gərginlik olduğunu iddia edib. İranın təkziblərinə baxmayaraq, Ağ Ev rəhbəri qarşı tərəfin iqtisadi və hərbi təzyiqlər səbəbindən mütləq bir razılaşmaya ehtiyac duyduğunu təkrarən ifadə edib. Hazırda tərəflər arasında diplomatik və hərbi gərginlik davam etsə də, beş günlük atəşkəs müddətinin regionun gələcək taleyi üçün həlledici olacağı gözlənilir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
