Keçmiş “Çelsi” və “Arsenal” futbolçusu Jorjinyo sosial şəbəkələrdə etdiyi paylaşım ilə gündəmə gəlib. O, məşhur pop ifaçısı Çappell Roanın mühafizəçisinin davranışını tənqid edib və bu hadisənin 11 yaşlı qızını ağlatdığını iddia edib.
Futbolçu Jorjinyo və müğənni Çappell Roan
Bu barədə məlumat "BBC-Sports"da yer alıb. Bildirilib ki, hadisə Braziliyanın San-Paulu şəhərində bir oteldə baş verib. Hazırda Braziliyanın “Flamenqo” klubunda çıxış edən futbolçu “Instagram” hesabında paylaşım edərək ailəsinin “çox narahatedici vəziyyət” yaşadığını qeyd edib.
Jorjinyo bildirib ki, qızı Çappell Roanın pərəstişkarıdır və müğənninin iştirak etdiyi tədbirə getmək üçün xüsusi plakat da hazırlayıb. Onun sözlərinə görə, qızı müğənnini restoranda görüb, sadəcə gülümsəyərək yanından keçib və heç bir narahatlıq yaratmayıb.
Futbolçu iddia edib ki, bundan sonra müğənninin mühafizəçisi onların masasına yaxınlaşaraq həyat yoldaşı və qızına qarşı aqressiv davranıb və onları “hörmətsizlik” və “narahat etmə” ilə ittiham edib. Jorjinyo əlavə edib ki, bu hadisə zamanı qızı çox qorxub və göz yaşlarını saxlaya bilməyib.
Qeyd olunub ki, Çappell Roan hələlik bu iddialara münasibət bildirməyib. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilər iki tərəf arasında fərqli mövqelər sərgiləyiblər.
Bəzi istifadəçilər Jorjinyonu dəstəkləyərək hadisəni haqsızlıq kimi qiymətləndirib, digərləri isə məşhurların şəxsi məkanının qorunmasının vacibliyini vurğulayıb. Həmçinin Rio-de-Janeyro şəhərinin meri Eduardo Kavalieri məsələ ilə bağlı açıqlama verərək müğənninin şəhərdə çıxışına məhdudiyyət qoyula biləcəyini bildirib.
Fatimə Salmanlı
