ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında neft tankerlərinin təhlükəsiz keçidi üçün NATO-dan istədiyi hərbi dəstəyin rədd edilməsindən sonra alyansı sərt şəkildə tənqid edib. O, müttəfiqlərin qərarını “ciddi və anlaşılmaz səhv” kimi qiymətləndirib.

Donald Tramp müttəfiqlərin Hörmüz boğazı ilə bağlı hərbi dəstəkdən imtinasını tənqid edib
24Media.az BBC-yə istinadən bildirir ki, martın 17-də Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp qeyd edib ki, ABŞ-nin NATO çərçivəsində üzərinə götürdüyü xərclər nəzərə alınarsa, bu mövqe məyusedicidir. Onun sözlərinə görə, alyans ölkələri İranın nüvə proqramına qarşı mövqedə həmrəy olsalar da, konkret hərbi dəstək göstərməkdən çəkiniblər.
ABŞ prezidenti vurğulayıb ki, Vaşinqtonun faktiki olaraq əlavə yardıma ehtiyacı yoxdur, lakin bu vəziyyət NATO-nun real öhdəliklərini qiymətləndirmək baxımından mühüm sınaq rolunu oynayır. “Bu, bizim üçün ciddi test idi və biz alyansın nə dərəcədə yanımızda olacağını görmək istədik”, – deyə o qeyd edib.
Yaxın Şərqdəki proseslərlə bağlı danışan Tramp ABŞ-nin bölgədəki mövcudluğunu hələlik davam etdirəcəyini, lakin gələcəkdə geri çəkilmə ehtimalının da istisna olunmadığını bildirib.
Tramp, həmçinin Keir Starmer Böyük Britaniyanın baş naziri Keir Starmerin mövqeyinə də toxunaraq onun yanaşmasından narazı qaldığını bildirib. Starmer isə öz növbəsində qeyd edib ki, mövcud vəziyyət NATO missiyası çərçivəsində qiymətləndirilmir və Böyük Britaniya daha genişmiqyaslı münaqişəyə cəlb olunmaq niyyətində deyil.
Avropa liderlərinin ümumi mövqeyi də Trampın çağırışlarına müsbət cavab verməyib. Bununla yanaşı, Böyük Britaniyanın bölgədə müəyyən hərbi mövcudluğu – xüsusilə mina təmizləmə gəmiləri – saxladığı bildirilib, lakin əlavə addımlarla bağlı yekun qərarın hələ verilmədiyi vurğulanıb.
Tramp daha əvvəl də sosial media üzərindən paylaşım edərək ABŞ-nin müttəfiqlərin dəstəyinə ehtiyac duymadığını və bu yardımı tələb etmədiyini qeyd etmişdi. Bununla belə, onun son açıqlamaları Vaşinqtonun NATO ilə münasibətlərində müəyyən gərginliyin yarandığını göstərir.
Emiliya Vəlicanova
