Bu gün:

"Memlər artıq ictimai rəyin formalaşmasında mühüm rol oynayır"


24media.az-ın budəfəki müsahibi psixoloq Nabat Mirzəyevadır. O, internet memlərinin insan psixologiyasına və davranışına təsiri barədə danışıb.

- Memlər insanları yalnız əyləndirirmi, yoxsa onların əhval-ruhiyyəsi və davranışlarına da təsir göstərir?

"Son illərdə internet memləri sosial mediada ən sürətli yayılan məzmun formalarından birinə çevrilib. İlk baxışda memlər əyləncə xarakterli görünsələr də, ancaq psixoloji və sosial baxımdan insanlara, sözsüz ki, təsiri var. 

Memlər qısa və vizual emosional mesajlar daşıdıqları üçün insan beynində daha tez qəbul olunur və yadda qalır. Bəzən memlər insanların həyatlarında gündəlik yaşanan stresslərin və gərginliklərin azaldılması üçün gülüş və rahatlıq yaradılmasına da kömək edir. Eyni zamanda onların əhval-ruhiyyəsinə və düşüncə tərzinə də təsir göstərə bilir".

- Neqativ və ya destruktiv memlər insan davranışına nə qədər təsir edə bilər?

"Sözsüz ki, neqativ məzmunlu memlər insanların davranışına müsbət olduğu kimi müəyyən dərəcədə mənfi təsirlər də  göstərə bilir. Biz əgər davamlı olaraq aqressiv, lağ və ya stereotiplər üzərində qurulan memlər görürüksə, bəzi hallarda insanların düşüncəsində həmin davranışların formalaşmasına səbəb ola bilər. Bu isə xüsusilə gənc yaş qruplarında, yeniyetmələrdə daha həssas şəkildə qəbul olunur".

- Sizcə, gələcəkdə memlər sosial davranış və informasiya yayımı üçün daha güclü vasitə olacaq, yoxsa sadəcə əyləncə mənbəyi kimi qalacaq?

"Memlərin yalnız əyləncə vasitəsi kimi qalacağını demək çox çətindir. Artıq bu format ictimai rəyin formalaşmasında, məlumatların sürətlə yayılmasında və hətta sosial mesajların çatdırılmasında istifadə olunur. Bu səbəbdən gələcəkdə onların sosial kommunikasiya və informasiya yayımı üçün daha güclü vasitələrdən birinə çevrilməsi ehtimalı ola bilər. Memlərin sağlam və konstruktiv məzmunla istifadə olunması cəmiyyət üçün daha faydalı nəticələr verə bilər".

Ətirə İbayeva 

Paylaş
Şərh əlavə et