Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

24media.az "Report"a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Kasım-Jomart Kemeleviç, Qazaxıstan Respublikasının yeni Konstitusiyası üzrə referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi və Sizin simanızda qardaş Qazaxıstan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Referendumun nəticəsi – yeni Konstitusiyanın qəbulu xalqınızın birliyinin və milli iradəsinin bariz ifadəsi, Sizə olan böyük inam və etimadının təzahürü, Qazaxıstanın rifahı naminə yürütdüyünüz qətiyyətli siyasətə dəstəyinin göstəricisidir. Heç şübhə yoxdur ki, siyasi sistemin modernləşdirilməsini və idarəetmə modelinin təkmilləşdirilməsini nəzərdə tutan bu mühüm hadisə Qazaxıstanın tarixində yeni mərhələnin başlanğıcını qoyaraq qardaş ölkənizin hərtərəfli inkişafına töhfə verəcək, onun beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcək.
Əminəm ki, xalqlarımızın ortaq tarixindən, zəngin mənəvi dəyərlərindən güc alan, dostluğa, qardaşlığa, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan əlaqələri, strateji tərəfdaşlığı və müttəfiqliyi bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcək.
Hörmətli Kasım-Jomart Kemeleviç, bu böyük zəfər münasibətilə Sizə bir daha təbriklərimi çatdırır, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Qazaxıstan xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Qeyd edək ki, martın 15-də Qazaxıstanda yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçirilib. Qazaxıstanın yeni Konstitusiyası ilə bağlı ümumxalq referendumunda seçici fəallığı 73,24 % və ya 9 126 850 vətəndaş təşkil edib.
Referendumun ilkin nəticələrinə görə, seçicilərin böyük əksəriyyəti yeni Konstitusiyanın qəbulunu dəstəkləyib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səs verənlərin təxminən 87–90 faizi yeni Konstitusiyanın lehinə səs verib.
Yeni Konstitusiya ölkənin siyasi sistemində bir sıra dəyişiklikləri nəzərdə tutur. Sənədə əsasən, parlamentin strukturu sadələşdirilir, vitse-prezident vəzifəsi yenidən bərpa olunur və bu vəzifəyə təyinat səlahiyyəti prezidentə verilir. Bundan başqa, dövlət başçısının bir sıra yüksək vəzifəli şəxsləri təyin etmək səlahiyyətləri genişləndirilir.
Eyni zamanda, Prezident Kassym-Jomart Tokayev bildirib ki, növbəti prezident seçkiləri planlaşdırıldığı kimi 2029-cu ildə keçiriləcək.
Piranə Xasiyeva
