İspaniyanın "Real Madrid" klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün İngiltərənin Mançester şəhərinə yollanarkən heyətinə iki vacib futbolçusunu geri qaytarıb. Komandanın hücumçusu Kilian Mbappe və yarımmüdafiəçisi Cud Bellinqem zədədən sonra yenidən heyətə daxil ediliblər.
Real Madridin futbolçuları Cud Bellinqem və Kilian Mbappe
Bu barədə məlumatı BBC Sport yayıb. Bildirilib ki, hər iki futbolçu son həftələrdə zədə səbəbindən komandanın bir neçə oyununda iştirak edə bilməyib.
Fransa millisinin hücumçusu Kilian Mbappe mart ayının əvvəlində sol dizində burxulma diaqnozu aldığı üçün meydanlardan uzaq qalıb. O, son olaraq fevralın 21-də Osasuna ilə keçirilən La Liqa matçından sonra Real Madridin oyunlarında iştirak etməyib.
Digər futbolçu Cud Bellinqem isə fevralın 1-də Rayo Valyekano ilə keçirilən liqa oyununda bud əzələsindən zədə alıb. Qarşılaşmanın ilk dəqiqələrində zədələnən yarımmüdafiəçi oyunu göz yaşları ilə tərk edib. Əvvəlcə onun təxminən dörd həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilsə də, sonradan zədənin daha ciddi olduğu müəyyən edilib.
"Real Madrid" "Mançester Siti"yə səfərə üstün mövqedə yollanır. Madrid təmsilçisi ilk oyunda Santyaqo Bernabeu stadionunda rəqibini 3:0 hesabı ilə məğlub edib. Həmin görüşdə yarımmüdafiəçi Federiko Valverde ilk hissədə het-trik edərək komandasının qələbəsində əsas rol oynayıb.
Bununla belə, hesab fərqi daha böyük ola bilərdi. Oyunun ikinci hissəsinin əvvəlində Vinisius Juniorun penalti zərbəsini Mançester Siti qapıçısı Canluici Donnarumma dəf edərək komandasını daha böyük hesablı məğlubiyyətdən xilas edib.
Fatimə Salmanlı
