İngiltərə Premyer Liqasının qaydalarına əsasən, icarədə olan futbolçular öz klublarına qarşı çıxış edə bilməməsi səbəbindən "Aston Villa"nın formasını geyinən Ceydon Sanço bazar günü "Old Trafford"da keçiriləcək "Mançester Yunayted" matçını kənardan izləməli olacaq.
Ceydon Sançonun "Mançester Yunayted" forması ilə məşq zamanı çəkilmiş görüntüləri
"BBC sports"-un məlumatına görə, 2021-ci ildə "Borussiya Dortmund"dan böyük transfer haqqı ilə gələn Sançonun Mançester karyerası gözlənilən nəticəni verməyib. 79 oyunda cəmi 12 qol vuran futbolçunun klubla münasibətləri həm taktiki uyğunsuzluq, həm də baş məşqçi Erik ten Haq ilə yaşanan intizam problemləri səbəbindən kəskin pisləşib.
Klubun həmtəsisçisi Ser Cim Retkliff də oyunçunun yüksək məvacibi və transfer xərclərinin yaratdığı maliyyə yükündən narahatlığını açıq şəkildə ifadə edib. Hazırda karyerasını fərqli klublarda icarə əsasında davam etdirən Sançonun "qırmızı şeytanlar"la gələcək perspektivi olduqca zəif görünür.
Sanço hadisəsi bir futbolçunun istedadı ilə klubun oyun fəlsəfəsinin üst-üstə düşməməsinin ən bariz nümunəsidir. İntizam məsələləri və qarşılıqlı ittihamlar tərəflər arasındakı körpüləri tamamilə yandırıb. Bu vəziyyətdə ayrılıq həm oyunçunun yenidən özünü tapması, həm də klubun maliyyə balansını qoruması üçün ən düzgün addımdır.
Fatimə Salmanlı
