Premyer Liqada çətin günlər keçirən Tottenhem klubu azarkeşləri üçün maraqlı bir qərar qəbul edib. London təmsilçisi komandanın turnir cədvəlindəki təhlükəli mövqeyini nəzərə alaraq, mövsümlük biletlərin yenilənməsi müddətini uzatdıqlarını elan edib.
Tottenhem-in müvəqqəti baş məşqçisi İqor Tudor Premyer Liqa matçında komandasının uğursuz çıxışına emosional reaksiya göstərərkən. 16 mart. 2026.
BBC Sport-a istinadən xəbər veririk ki, klub rəhbərliyi azarkeşlərə gələcək mövsüm üçün qərar vermələri üçün iyunun 7-nə qədər vaxt tanıyıb. Bu addım komandanın aşağı liqaya düşmə ehtimalının yaratdığı narahatlıq fonunda atılıb. Hazırda turnir cədvəlində sonuncu pillələrdən cəmi bir xal öndə olan London klubu son beş matçın hamısında məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, fevral ayında Tomas Frankın istefasından sonra müvəqqəti baş məşqçi postuna gətirilən İqor Tudorun rəhbərliyi altında komanda dörd oyunda qapısında 14 qol görüb. Klubdan verilən rəsmi açıqlamada azarkeşlərin növbəti mövsümlə bağlı tam şəffaflıq əldə etmələri üçün bu qərarın zəruri olduğu bildirilib. Bazar günü Liverpul səfərinə yollanacaq London klubu üçün qalan 9 oyun taleyüklü xarakter daşıyır.
Bir zamanlar Çempionlar Liqasının finalçısı olan bir klubun bu gün aşağı liqaya düşməmək üçün mübarizə aparması və azarkeş itirməmək üçün bilet müddətini uzatması idarəçilikdəki böhranın bariz nömunəsidir. Tottenhem rəhbərliyi bu addımla həm də azarkeşlərinə biz vəziyyətin ciddiliyini anlayırıq mesajını verməyə çalışır. Lakin meydandakı nəticələr düzəlməsə, iyun ayına qədər uzadılan müddət belə stadionun dolmasına kömək etməyə bilər.
Fatimə Salmanlı.
