Türkiyə futbolunda qapıçı mövqeyində böyük dəyişiklik gözlənilir. "Beşiktaş"-ın 13 illik akademiya və əsas komandada karyerasını davam etdirən gənc qapıçısı Ersin Destanoğlu ilə yollarını ayıracağı iddia edilib.

25 yaşlı qolkiper bu mövsüm "Beşiktaş"-ın heyətində 22 qarşılaşmada forma geyinib və 7 oyunda qapısını toxunulmaz saxlayıb. Lakin həmin müddətdə 23 qolu buraxan Destanoğlunun mövsümün sonunda müqaviləsi başa çatır və klub rəhbərliyi yeni müqavilə bağlamamağa qərar verib.
"Sözcü”-nün məlumatına görə, "Beşiktaş" yeni mövsüm üçün qapıçı transferində konkret addımlar atıb. İstanbul klubu "Mançester Yunayted"-in milli qapıçısı Altay Bayındır ilə prinsipial razılığa gəlib və mövsümün sonunda rəsmi müqavilələrin imzalanması gözlənilir.
Beləliklə, Türkiyə futbolunda gənc qapıçılar arasında ciddi dəyişiklik baş verəcək. Ersin Destanoğlu 13 illik "Beşiktaş" karyerasını başa vuraraq, klub tarixində iz qoymuş oyunçular siyahısına daxil olacaq. Yeni mövsümdə isə Altay Bayındır "Beşiktaş"-ın qapısında məsuliyyəti öz üzərinə götürəcək.
Ömər Cəfərov
