Braziliyada Minas-Jerais ştat çempionatının final qarşılaşmasında qalmaqallı hadisə baş verib. Final oyununda “Kruzeyro” komandası “Atletiko-MG” üzərində 1:0 hesablı qələbə qazanaraq çempion olub.

Braziliyalı futbolçu Halk final oyunundan sonra baş verən kütləvi dava zamanı etirazını bildirərkən.
Görüşün yeganə qolunu Kaio Jorje vurub. Lakin oyunun son saniyələrində meydanda böyük dava baş verib və matçın sonu gərgin hadisələrlə yadda qalıb.
BBC-nin verdiyi məlumata istinadən, insident qapıçı Everson ilə rəqib futbolçu Kristian arasında yaşanan toqquşmadan sonra başlayıb. Qısa müddətdə digər futbolçular da mübahisəyə qoşulub və vəziyyət kütləvi davaya çevrilib. Təhlükəsizlik əməkdaşları və polis meydançaya daxil olaraq tərəfləri ayırmalı olub.
Oyunun gedişində hakim Mateus Delqado Kandanşan tərəfindən qırmızı vərəqə göstərilməsə də, sonradan verilən qərara əsasən ümumilikdə 23 futbolçu meydandan kənarlaşdırılıb. Cəzalananlar arasında tanınmış hücumçu Halk və müdafiəçi Renan Lodi də yer alıb.
Məlumata görə, “Kruzeyro” komandasından 12, “Atletiko-MG” komandasından isə 11 futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb.
Belə hadisələr futbolun nüfuzuna mənfi təsir göstərir və peşəkar idmanda emosiyalara nəzarətin nə qədər vacib olduğunu bir daha ortaya qoyur.
Fatimə Salmanlı
