Asiya Kuboku çərçivəsində keçirilən İran–Avstraliya qarşılaşmasından əvvəl İran qadın futbol yığmasının üzvləri ölkənin dövlət himnini oxuyaraq hərbi salam veriblər. Bu, komandanın əvvəlki oyundakı davranışından fərqli olaraq diqqət çəkib.
İran qadın futbol yığması oyundan əvvəl dövlət himni səslənən zaman hərbi salam verərkən
BBC-nin verdiyi məlumata görə, İran futbolçuları turnirin əvvəlində Cənubi Koreyaya qarşı keçirilən oyundan öncə dövlət himni səslənərkən səssiz dayanıblar. Həmin dövrdə ölkədə gərgin siyasi vəziyyət və ABŞ ilə İsrailin İran ərazisinə endirdiyi hava zərbələri fonunda bu davranış geniş müzakirələrə səbəb olub.
İran mətbuatına danışan bəzi müşahidəçilər futbolçuların son oyunda himni oxumasının təsadüfi olmadığını bildiriblər. Avstraliyada fəaliyyət göstərən jurnalist Əlirza Mohebbi bildirib ki, komandanın himni oxuması ilə bağlı futbolçulara müəyyən göstəriş verildiyi ehtimal olunur.
Komandanın baş məşqçisi Marziyə Cəfəri isə mətbuat konfransında münaqişə ilə bağlı fikirlərini bölüşərək bildirib ki, “hamı baş verən hadisələri qınayır və heç kim müharibə istəmir”. O əlavə edib ki, komanda turnirdə əsas məqsədinin futbol oynamaq olduğunu düşünür.
Qeyd edək ki, İran millisi Avstraliyaya qarşı keçirilən görüşdə 0:4 hesabı ilə məğlub olub. Bu nəticədən sonra komandanın pley-off mərhələsinə yüksəlmək şansını qorumaq üçün növbəti oyunda Filippin üzərində qələbə qazanması vacib hesab olunur.
Müşahidəçilər bildirirlər ki, İran yığmasının himnə münasibəti 2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatında kişi millisinin davranışını xatırladır. Həmin vaxt İran futbolçuları İngiltərəyə qarşı ilk oyunda himni səsləndirməyiblər, lakin növbəti matçda isə oxuyublar.
İdman yarışları bəzən siyasi və sosial hadisələrin təsirindən kənarda qala bilmir. İran yığmasının himnə münasibəti də göstərir ki, futbol yalnız idman deyil, eyni zamanda cəmiyyət və siyasətdə baş verən proseslərin də əksini göstərə bilir.
Fatimə Salmanlı
