İtaliyanın Baş naziri Corcia Meloni transatlantik iqtisadi münasibətlərdə gərginliyi azaldacaq mühüm təşəbbüslə çıxış edib. O, son dövrlər Avropa İttifaqı ilə ABŞ arasında qarşılıqlı rüsumların tətbiqi və ticarət müharibəsi risklərinin artmasına cavab olaraq, tərəfləri daha açıq iqtisadi əməkdaşlığa çağırıb.
24media.az APA-ya istinadən xəbər verir ki, Meloni "Bloomberg" agentliyinə verdiyi müsahibədə mövcud rüsum siyasətini kəskin tənqid edib. O bildirib ki, tərəflərin bir-birinə qarşı ticarət məhdudiyyətləri tətbiq etməsi strateji səhvdir və bu, hər iki tərəfin iqtisadiyyatına ziyan vurur.
Meloninin fikrincə, hazırkı geosiyasi vəziyyətdə Qərb dünyası iqtisadi sədləri artırmaqdansa, onları tamamilə aradan qaldırmalıdır. "Biz tam əks istiqamətdə, yəni azad ticarət zonasının yaradılması istiqamətində irəliləməliyik", – deyən Baş nazir, bu addımın həm Avropa, həm də Amerika üçün rəqabət qabiliyyətini artıran əsas faktor olacağını vurğulayıb.
Ekspertlər hesab edir ki, bu təklif reallaşacağı təqdirdə, dünyanın ən böyük iqtisadi bloklarından biri yarana bilər. Lakin tərəflər arasında kənd təsərrüfatı, texnologiya standartları və dövlət subsidiyaları kimi sahələrdə ciddi fikir ayrılıqlarının olması bu prosesi çətinləşdirən əsas amillərdir.
Arzu Qafarova
