Azərbaycanda 79 şəhərdən 67-nin Baş planı hazırlanaraq qüvvəyə minib.
24media.az bildirir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov “Təməl” memarlıq müsabiqəsinin mükafatlandırma mərasimində məlumat verib.
Onun sözlərinə görə, digər şəhərlərin planlarının yenilənməsi istiqamətində işlər davam edir. Qarabağ və Şərqi Zəngəzurda yerləşən 12 şəhərdən 8-nin Baş planı artıq təsdiqlənib. Hər bir sənəd və həyata keçirilən layihə gələcək üçün daha təhlükəsiz, komfortlu və insan yönümlü mühitin formalaşmasına xidmət edir.
N.Hümmətov qeyd edib ki, 2025-ci ildə 7 Baş plan və 363 şəhərsalma əsaslandırılması sənədi təsdiqlənib. Göytəpə, Laçın, Qovlar, Qubadlı, Liman, Astara və Xudat şəhərlərinin, eləcə də Qarabağ və Şərqi Zəngəzur üzrə 18 yaşayış məntəqəsinin ərazi sənədləri qəbul olunub.
Bundan başqa, Gəncənin Baş planı yekun mərhələyə çatdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Xocalı şəhərinin planı ilə bağlı razılaşdırma prosesi isə hazırda davam edir.
Aytac Musayeva
