Bu gün:

Əfqanıstanla Pakistan arasında siyasi gərginlik artıb


Əfqanıstan və Pakistan arasında vəziyyət yenidən kəskinləşib. Pakistan ötən gecə Əfqanıstan ərazisinə, o cümlədən Kabil şəhərinə hava zərbələri endirib. Zərbələr Paktia və Qəndəhar vilayətlərini də əhatə edib.

Taliban hökuməti buna cavab olaraq sərhəd yaxınlığında Pakistan mövqelərinə qarşı əməliyyat keçirdiyini bildirib. Onların iddiasına görə, hücumlar Pakistan ordusunun əvvəlki hava zərbələrinə cavab xarakteri daşıyıb və bir neçə post ələ keçirilib. BMT isə fevralın 21-də baş verən zərbələr zamanı 13 mülki şəxsin həlak olması ilə bağlı məlumatların olduğunu açıqlayıb.


İslamabad isə iddiaları rədd edərək bildirib ki, hədəf mülki şəxslər deyil, Pakistan Talibanı kimi tanınan Tehrik-i-Taliban Pakistan (TTP) qruplaşmasının sığınacaqları olub. Pakistan hökuməti TTP-ni ölkədə törədilən son terror aktlarında günahlandırır və bu qruplaşmanın Əfqanıstan ərazisindən fəaliyyət göstərdiyini iddia edir. Taliban isə öz növbəsində bu ittihamları əsassız sayır.


Hərbi baxımdan Pakistan daha güclü hesab olunur. Taliban isə daha çox partizan və qeyri-ənənəvi döyüş taktikası ilə tanınır. Son qarşıdurmada pilotsuz uçuş aparatlarından da istifadə edildiyi bildirilir.


İki ölkə arasında ticarət əlaqələri ötən ilin oktyabrından bağlanıb ki, bu da xüsusilə Əfqanıstanda iqtisadi vəziyyəti daha da ağırlaşdırıb. Uzun illər müharibədən əziyyət çəkən əhali üçün son aylardakı zorakılıq nisbi sabitlik ümidlərini yenidən sarsıdıb.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et