ABŞ səfirlərinin son açıqlamaları Avropa ilə diplomatik münasibətlərdə yeni gərginlik yaradıb.

Donald Trump'ın Nobel Sülh Mükafatına namizədliyi ətrafında müzakirələrdən sonra ABŞ-nin Polşadakı səfiri Tom Rouz parlamentin aşağı palatasının lideri ilə əlaqələri dayandırdığını bildirib. Belçikadakı səfir Bill Uayt isə Antverpendə ortodoks yəhudi icmasında sünnət praktikaları ilə bağlı aparılan məhkəmə araşdırmasının dayandırılmasını sosial şəbəkə "X" üzərindən tələb edib.
Bu addımlar ənənəvi diplomatik üslubdan uzaqlaşma kimi qiymətləndirilir. Səfirlərin arxa diplomatik kanallar əvəzinə açıq şəkildə sosial mediadan istifadə etməsi və Vaşinqtonun Avropa ölkələrinin daxili məhkəmə və siyasi proseslərinə daha aktiv müdaxiləyə meylli olması diqqət çəkir. Fransanın Vaşinqtondakı keçmiş səfiri Pierre Vimont "CNN"ə açıqlamasında bildirib ki, Amerikanın xarici siyasəti hazırda güclü ideoloji məzmun daşıyır və bu, diqqətlə idarə olunmalıdır. Onun sözlərinə görə, daxili siyasətə müdaxilə diplomatiyanın qəbul edilmiş prinsiplərinə uyğun deyil və ABŞ tərəfinə bunun aydın şəkildə çatdırılması vacibdir.
Vimont həmçinin qeyd edib ki, Avropanın ABŞ administrasiyası üçün xüsusi hədəf kimi görünməsi mövcud administrasiyanın ideoloji xətti ilə bağlıdır. O deyib ki, demokratiya, söz azadlığı və məhkəmə müstəqilliyi kimi ortaq dəyərlər mövzusunda Avropa ilə hazırkı ABŞ administrasiyası arasında müəyyən fikir ayrılığı yaranır və bu, xüsusilə MAGA hərəkatının baxışlarında özünü göstərir.
Fransanın xarici işlər naziri Jean-Noël Barrot isə ABŞ Dövlət Departamentinin bəzi açıqlamalarına sərt reaksiya verərək, faciəvi hadisələrdən siyasi məqsədlərlə istifadə edilməməli olduğunu bildirib. O vurğulayıb ki, Fransa ideoloji məsələlərdə kənardan dərs almağa ehtiyac duymur.
Yaxın günlərdə ABŞ və Fransa rəsmiləri arasında görüşün keçirilməsi gözlənilir. Bununla belə, tərəflər arasında diplomatik qırılma istənilmir. İyunda Fransanın Evian şəhərində keçiriləcək G7 Summit toplantısı və ABŞ-nin ən qədim ittifaqlarından birinin 250 illik yubileyi Atlantikanın hər iki tərəfində münasibətlərin qorunmasının vacibliyini bir daha ön plana çıxarır.
Rəsmilər bildirirlər ki, müttəfiqlər arasında fikir ayrılıqları ola bilər, lakin tərəflər müttəfiq olaraq qalırlar. Əsas məsələ isə həqiqətlərin diplomatik çərçivədə necə və hansı formada ifadə edilməsidir.
Mənbə: CNN
Tərcümə etdi: Banuçiçək Qurbanova
