Azərbaycan ilə Efiopiya arasında hərbi və strateji tərəfdaşlıq əlaqələri yeni müstəviyə qədəm qoyub. Bakıda səfərdə olan Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimindən sonra iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan mühüm hökumətlərarası sənəd imzalanıb. Bu addım Afrika qitəsinin mühüm dövlətlərindən biri olan Efiopiya ilə Azərbaycanın hərbi-texniki potensialının birləşdirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

24media.az APA-ya istinadən xəbər verir ki, “Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos imzalayıblar. İmzalama mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə baş tutub.
Görüş çərçivəsində müdafiə sahəsi ilə yanaşı, kənd təsərrüfatı, investisiyaların təşviqi, prokurorluq orqanları arasında əməkdaşlıq və media sahələrini əhatə edən bir sıra digər Anlaşma Memorandumları da imzalanıb. Tərəflər bu sənədlərin iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni və daha substantiv səviyyəyə qaldıracağını, beynəlxalq platformalarda qarşılıqlı dəstəyi gücləndirəcəyini vurğulayıblar.
Arzu Qafarova
