Danimarka Baş Naziri Mette Frederiksen erkən seçki elan edib və növbəti dörd ili “həlledici” adlandırıb. O, Danimarkanın təhlükəsizliyini gücləndirməli, silahlanmalı və ABŞ ilə münasibətlərini müəyyən etməli olduğunu deyib.

Qərar ABŞ Prezidenti Donald Trampın yarı-avtonom Danimarka ərazisi olan Qrenlandiyanı ilhaq etmək təhdidləri fonunda verilib. Tramp adanın Rusiya və Çinə qarşı strateji əhəmiyyət daşıdığını deyib. Danimarka və Qrenlandiya suverenliyi verməkdən imtina edirlər.
Qrenlandiyada 100-dən çox ABŞ hərbçisi var və ABŞ mövcud razılaşmalara əsasən daha çox hərbçi göndərə bilər. Tramp ABŞ-nin adaya nəzarət etməsi üçün planlarını davam etdirir, lakin Avropa müttəfiqləri Danimarka və Qrenlandiyanı dəstəkləyir.
Yeni qarşıdurma Trampın ABŞ-dən tibbi yardım gəmisi göndərmək təklifi ilə gündəmə gəlib. Qrenlandiya Baş Naziri Jens-Frederik Nielsen bunu rədd edib və adada bütün vətəndaşlara pulsuz tibbi xidmət göstərildiyini bildirib.
Seçkilər həm də Frederiksenin Sosial Demokratlar partiyasının Danimarkadakı lider mövqeyini sınayacaq.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
