Bu gün:

İranın diplomatik nümayəndə heyəti ABŞ ilə danışıqlarda iştirak üçün Cenevrəyə səfər edir


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə keçiriləcək növbəti danışıqlarda iştirak etmək məqsədilə nümayəndə heyəti ilə birlikdə Cenevrə şəhərinə yola düşüb.

İran dövlət televiziyasının məlumatına görə, Əraqçi və onu müşayiət edən heyət İran–ABŞ nüvə danışıqlarının üçüncü raundunda iştirak etmək üçün Tehrandan Cenevrəyə səfər edib.

İran və ABŞ arasında danışıqlar prosesi

2025-ci ilin iyun ayında İsrail və Amerika Birləşmiş Ştatları tərəfindən İrana qarşı həyata keçirilən hücumlardan sonra dayandırılan nüvə danışıqları regional ölkələrin, xüsusilə Türkiyənin təşəbbüsləri və Omanın vasitəçiliyi ilə yenidən bərpa olunub.

ABŞ-nin hərbi təzyiq və hücum təhdidlərini davam etdirdiyi bir şəraitdə tərəflər 6 fevral tarixində Omanda dolayı danışıqlar apararaq prosesi davam etdirmək barədə razılığa gəliblər. Danışıqlar daha sonra 17 fevralda Cenevrədə davam etdirilib.

İran nüvə proqramını atom silahının istehsalına yol verməyəcək məhdudiyyətlər çərçivəsində davam etdirmək müqabilində sanksiyaların ləğvini tələb edir.

Müzakirələrdə uranın zənginləşdirilmə səviyyəsinin məhdudlaşdırılması, təxminən 440 kiloqram həcmində 60 faizədək zənginləşdirilmiş uran ehtiyatının taleyi, eləcə də sanksiyaların mərhələli şəkildə aradan qaldırılması və yoxlama mexanizmləri əsas mövzular sırasındadır.

https://share.google/d8dpAYBr65NEX8rY6

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et