Bu gün:

Zelenski Putinin Üçüncü Dünya Müharibəsinə başladığını bildirib


Ukrayna Prezidenti Volodimir Zelenski hökumət qərargahında keçirilən görüş zamanı qəti mövqeyini bir daha ifadə edib. Zelenski Putinin tələb etdiyi atəşkəs razılaşması müqabilində strateji ərazilərdən geri çəkilməyi qəbul etmədiyini vurğulayıb. 

Kiyevdəki hökumət kompleksi ciddi şəkildə mühafizə olunur.

Zelenskinin sözlərinə görə, Putin artıq Üçüncü Dünya Müharibəsini başlayıb və buna cavab olaraq ona qarşı güclü hərbi və iqtisadi təzyiq göstərilməlidir ki, geri çəkilməyə məcbur olsun.

“İnanıram ki, Putin artıq bunu başlayıb. Sual ondan ibarətdir ki, o, nə qədər ərazi ələ keçirə biləcək və onu necə dayandırmaq olar. Rusiya dünyaya fərqli həyat tərzini qəbul etdirmək və insanların özləri üçün seçdikləri həyat tərzini dəyişmək istəyir”, – deyə Zelenski bildirib.

Rusiya tərəfi Ukraynadan Donetsk vilayətinin şərqində hazırda nəzarətində olan 20 faizlik ərazinin, həmçinin Xerson və Zaporojye vilayətlərində əlavə torpaqların təhvil verilməsini tələb edir. Ukrayna həmin ərazilərdə yerləşən şəhərləri “qala şəhərlər” adlandırır. BBC müxbirinin bunun atəşkəs müqabilində məqbul tələb olub-olmaması ilə bağlı sualına cavab olaraq Zelenski bildirib:

“Mən buna fərqli baxıram. Mən bunu sadəcə torpaq məsələsi kimi görmürəm. Mən bunu geri çəkilmə – mövqelərimizin zəiflədilməsi və orada yaşayan yüz minlərlə vətəndaşımızın taleyinin tərk edilməsi kimi qiymətləndirirəm. Bu cür ‘geri çəkilmə’ cəmiyyətimizi parçalaya bilər”.

Zelenski əlavə edib ki, belə bir addım Putini yalnız müvəqqəti olaraq qane edə bilər:

“Bu, onu müəyyən müddətə qane edə bilər. Ona fasilə lazımdır. Lakin o, toparlandıqdan sonra – Avropadakı tərəfdaşlarımızın fikrincə bu üç-beş il çəkə bilər, mənim fikrimcə isə ən çoxu bir-iki il – növbəti addımının hara yönələcəyini bilmirik. Ancaq onun müharibəni davam etdirmək istəyəcəyi faktdır”.

Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et