Bu gün:

Rio Ngumoha "Liverpul"la bağlı açıqlama verib


İngiltərənin "Liverpul" klubunun gənc ulduzu Rio Ngumoha komandadakı gələcəyi və hədəfləri barədə danışıb. 17 yaşlı futbolçu əsas heyətdə daha çox şans qazanmaq və öz potensialını sübut etmək niyyətindədir.

Bu barədə məlumat BBC-nin rəsmi idman səhifəsində yer alıb. Bildirilib ki, Ngumoha cari mövsümdə "Liverpul"un ən gənc qol vuran futbolçusu kimi tarixə düşsə də, Premyer Liqada hələlik cəmi 89 dəqiqə meydanda olub. Baş məşqçi Arne Slot gənc istedadın fiziki hazırlığını və oyun anlayışını inkişaf etdirmək üçün onun oyun müddətini ehtiyatla idarə edir.

Günün əsas mövzusu isə gənc oyunçunun "Nottingem Forest"ə qarşı matçdakı təsirli çıxışı olub. Ngumoha oyuna daxil olduqdan sonra göstərdiyi performansla həm azarkeşlərin, həm də Rio Ferdinand və Daniel Starric kimi futbol əfsanələrinin tərifini qazanıb. Ferdinand onu "sürət və fəallığı birləşdirən yüksək səviyyəli vinger" adlandırıb.

Tədbir zamanı Ngumoha mətbuata verdiyi açıqlamada bildirib ki, hər dəfə şans qazananda komanda üçün maksimumunu verməyə çalışır. O, həmçinin baş məşqçi Arne Slotun ona böyük dəstək verdiyini və hər məşqdən sonra fərdi analizlərlə inkişafına kömək etdiyini vurğulayıb.

Klubun Luis Diazın gedişindən sonra hücum xəttində Ngumoha üçün xüsusi yol xəritəsi cızdığı və onun gələcəkdə komandanın əsas simalarından biri olacağı gözlənilir. Hazırda gənc oyunçu həm əsas heyətdə, həm də U-21 komandasında çıxışlarını davam etdirir.


Mənbə: BBC Sport

Tərcümə etdi: Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et