"Mançester Yunayted"in sabiq kapitanı Ueyn Runi "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın gələcəyi ilə bağlı maraqlı açıqlamalar verib. Runi təcrübəli mütəxəssisin bu mövsümdən sonra da komandada qalmalı olduğunu bildirib.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola oyun zamanı komandasını ruhlandırarkən o, 2016-cı ildən bəri "şəhərlilərə" rəhbərlik edir.
Bu barədə məlumat "BBC Sounds" platformasında yayımlanan "The Wayne Rooney Show" proqramının son buraxılışında yer alıb. Runi qeyd edib ki, 55 yaşlı Qvardiola son 10 il ərzində bütün məşqçilər üçün bir "meyar" müəyyənləşdirib və onun Premyer Liqada qalması turnirin keyfiyyəti baxımından olduqca vacibdir.
İspaniyalı mütəxəssisin müqaviləsinin müddəti və gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam etsə də, Runinin fikrincə, Qvardiola getsə, onu klubun keçmiş əfsanələrindən biri əvəz etməlidir. O, hazırda "Bavariya"nı çalışdıran Vinsent Kompaninin bu post üçün ən ideal namizəd olduğunu vurğulayıb.
Müzakirələr zamanı Premyer Liqadakı çempionluq yarışına da toxunan Runi, "Arsenal"ın bu mövsüm çempion olacağına inandığını bildirib. O, 13 il "Mançester Yunayted"də çıxış etdiyi üçün "Liverpul"un deyil, məhz "topçuların" qalib gəlməsini üstün tutduğunu gizlətməyib.
Xatırladaq ki, Pep Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir və bu müddət ərzində komandası ilə 6 dəfə Premyer Liqa çempionluğu qazanıb.
Mənbə: BBC.com
Tərcümə etdi: Fatimə Salmanlı
