Bu gün:

Cənubi Koreya prezidenti Yun Suk Yol ömürlük həbsə məhkum edilib


Cənubi Koreyanın sabiq prezidenti Yun Suk Yol 2024-cü ilin dekabrında elan etdiyi uğursuz hərbi vəziyyətə görə üsyana rəhbərlik etməkdə təqsirli bilinib, nəticədə,  ömürlük azadlıqdan məhrum edilərək məcburi əmək cəzasına məhkum olunub.

Cənubi Koreya məhkəməsi sabiq prezident Yun Suk Yolu 2024-cü ilin 3 dekabrında elan etdiyi hərbi vəziyyətə görə təqsirli bilib, onu üsyana rəhbərlik etməkdə günahkar sayıb, ömürlük azadlıqdan məhrum edib və məcburi əmək cəzası təyin edib. Bununla da o, ölkənin demokratik dövründə maksimum müddətli həbs cəzası alan ilk seçilmiş dövlət başçısı olub.


Seul Mərkəzi Dairə Məhkəməsi qərarında göstərib ki, Yun Suk Yolun hərbi vəziyyət elan etməsi konstitusion quruluşu pozmaq niyyəti daşıyıb və bu addım üsyan kimi qiymətləndirilib.


İşə sədrlik edən hakim Ci Kvi Yon bildirib ki, hərbi vəziyyət elanının məqsədi Milli Assambleyaya qoşun göndərib iclas zalını blokadaya almaq, spiker və partiya liderləri də daxil olmaqla əsas fiqurları həbs etdirmək olub, bununla da deputatların toplaşaraq müzakirə aparmasının və səsvermə keçirməsinin qarşısını almaq nəzərdə tutulub.


Cümə axşamı hökmü elan edərkən məhkəmə Yun Suk Yolun məhkəmə prosesi boyunca üzr istəmədiyini, dinləmələrdə iştirakdan əsassız şəkildə imtina etdiyini və hərəkətlərinin Cənubi Koreya cəmiyyətinə böyük sosial xərclər yüklədiyini vurğulayıb, bu halları cəzanı ağırlaşdıran amillər kimi nəzərə alıb.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et