Hələ geniş tanınmasa da, Nobel Mendi La Liqa çərçivəsində “Rayo Valyekano”-nun “Atletiko Madrid” üzərində 3:0 hesablı qələbəsində qol vuraraq ön plana çıxıb. 21 yaşlı müdafiəçi bu mövsüm sabit və inamlı oyunu ilə seçilir.

Əsas mövqeyi mərkəz müdafiəçisi olan Mendi sol cinahda da oynaya bilir və üçlü müdafiə sistemində xüsusilə faydalıdır. 1,87 m boyu ilə hava toplarında güclüdür, oyunu yaxşı oxuyur, rəqib hücumlarını qabaqlayır və düzgün mövqe tutur.
2004-cü ildə Seneqalda doğulan futbolçu Fransada yetişib, 2021-ci ildə “Paris FK” akademiyasına qoşulub və 2023-də ilk peşəkar müqaviləsini imzalayıb. Həmin il “Real Betis” klubuna transfer olunub, əvvəlcə B komandasında çıxış edib, sonra əsas heyətdə şans qazanıb.
Bu mövsüm icarə əsasında “Rayo Valyekano”-da oynayan Mendi baş məşqçi İniqo Peresin etimadını qazanaraq komandanın vacib oyunçularından birinə çevrilib. O, ilk peşəkar qolunu “Valensiya” ilə oyunda vurub və hazırda bütün turnirlərdə 15 matçda 2 qol hesabına malikdir.
Mendi hələ heç bir millidə çıxış etməyib və həm Seneqal, həm də Qvineya-Bisau yığmalarında oynamaq hüququna malikdir. Performansını davam etdirsə, yaxın illərdə milli komandaya çağırılması gözlənilir.
Mənbə: Sport News Africa
Tərcümə etdi: Mələk Nəsirli
