İngiltərənin Premyer Liqa təmsilçisi Nyukasl Yunayted klubunun kapitanı Bruno Qimarayş zədələnib. Braziliyalı yarımmüdafiəçi arxa bud əzələsindən aldığı zədə səbəbindən təxminən iki ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə klubun baş məşqçisi Eddi Hau məlumat verib. Bildirilib ki, Qimarayş “Tottenhem”lə oyunun (2:1) son dəqiqələrində zədələnərək meydanı tərk edib.
Statistikaya əsasən, futbolçunun iştirak etdiyi oyunlarda “Nyukasl”ın qalibiyyət faizi 53,1 təşkil edir. Oynamadığı 10 Premyer Liqa matçında isə komanda qələbə qazana bilməyib.
Komanda FA Kubokunun növbəti mərhələsində Aston Villa ilə qarşılaşacaq.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
