İran Müdafiə Şurasının baş katibi və İranın ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şəmxani Omanda keçirilən İran–ABŞ danışıqları ilə bağlı açıqlama verib.

Şəmxani Qətərdə yerləşən Əl-Cəzirə xəbər kanalına müsahibəsində bildirib ki, danışıqlar realist yanaşma əsasında və həddindən artıq tələblərdən uzaq olduqda müsbət nəticə verə bilər.
O, regionun təhlükəsizliyi və sabitliyinə mənfi təsir göstərə biləcək addımlardan çəkinməyin vacibliyini vurğulayaraq deyib ki, konstruktiv dialoq hər iki tərəfin maraqlarına xidmət edə bilər.
Şəmxani gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdiyini, bölgədə təhlükəsizlik vəziyyətinin mürəkkəbləşdiyini və yeni koordinasiya mexanizmlərinə ehtiyac yarandığını qeyd edib.
Mümkün hərbi qarşıdurmaya hazır olduqlarını bildirən Şəmxani deyib:
“Hər hansı avantürizmə qətiyyətlə cavab veriləcək. Səhv hesablamaların qiyməti yüksək olacaq”.
O, İsrailin bölgədəki fəaliyyətinə də toxunaraq, bu addımların ABŞ-nin dəstəyi olmadan mümkün olmadığını bildirib.
İran və ABŞ arasında danışıqlar
2025-ci ilin iyununda İsrail və ABŞ-nin İrana hücumlarından sonra dayandırılan nüvə danışıqları Omanda yenidən başlayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, Məskətdə keçirilən görüşlər tərəflərin dialoqu davam etdirmək barədə razılığa gəlməsi ilə başa çatıb.
Danışıqlar Tehran və Vaşinqton arasında gərginliyin artdığı bir dövrdə keçirilib.
https://share.google/VkflqpgEv07qfF04m
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
