Türkiyənin beynəlxalq arenadakı diplomatik nüfuzu və yaşıl enerji sahəsindəki islahatları onu iqlim böhranı ilə mübarizədə əsas oyunçulardan birinə çevirib. Noyabrın 9-dan 20-dək Türkiyədə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci sessiyası (COP31), Ankaranın bu sahədəki strateji hədəflərini dünyaya nümayiş etdirmək üçün ən böyük platforma olacaq. Sammitin həm İstanbul, həm də Antalya şəhərlərində təşkil edilməsi ölkənin həm logistik, həm də siyasi gücünün göstəricisi kimi qiymətləndirilir.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ankaranın Hacı Bayram Vəli Universitetinin dosenti Levent Ersin Orallı Türkiyənin iqlim siyasətindəki uğurlarını şərh edib. Ekspertin fikrincə, COP31-in Türkiyədə keçirilməsi təsadüfi deyil; bu, ölkənin Paris İqlim Sazişini təsdiqləməsi və 2053-cü ilə qədər "Sıfır Emissiya" hədəfini elan etməsinin məntiqi nəticəsidir. Hazırda Türkiyə yaşıl inkişaf konsepsiyasını sənaye, enerji və şəhərsalma sektorlarına uğurla inteqrasiya edir.
Xüsusi vurğulanıb ki, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən və BMT tərəfindən dəstəklənən “Sıfır tullantı” layihəsi, qlobal iqlim müzakirələrində Ankaranın ən güclü arqumentlərindən biridir. Bu təşəbbüs istixana qazı tullantılarının azaldılmasında mühüm rol oynayır. COP31 çərçivəsində İstanbul və Antalyada atılacaq addımlar Türkiyənin yaşıl maliyyələşdirmə və iqlim ədalətinə sadiqliyini təsdiqləyəcək, ölkəni bu sahədə qlobal qərarverici mərkəzə çevirəcək.
Arzu Qafarova
